Təklif bəyənildi və təqdiq olundu


Baxıldı : 51

Tarix : 2017-10-14 05:01:45


Fövqəladə Hallar Nazirliyinin Akademiyasının, Dövlət Material Ehtiyatları Agentliyi aparatının və tabeliyində olan Dövlət Taxıl Fondunun, "Qala", "Qaya" və "Qoşqar" kombinatlarının həmkarlar ittifaqı komitələrinin hesabat-seçki konfransları keçirilmişdir. Konfranslarda nazirliyin həmkarlar ittifaqının sədri Mehman İsmayılov çıxış etmişdir. O, tədbir iştirakçılarına sədri olduğu qurumun fəaliyyəti, xüsusilə ilk təşkilatlarla əməkdaşlığı barədə məlumat vermişdir.

Dövlətimizin iqtisadi, sosial sahədə həyata keçirdiyi islahatları, əldə olunan uğurlu nəticələri diqqətə çatdırmışdır. İqtisadiyyatımızın tərəqqisində Fövqəladə Hallar Nazirliyinin oynadığı rolu xüsusi qeyd etmişdir.

Akademiyada keçirilən hesabat-seçki konfransında HİK sədri İradə Kərimova məruzə ilə çıxış etmişdir. Hesabat dövründə işçilərin əmək, sosial hüquqlarının qorunması, istirahətinin təşkili istiqamətində görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, fəaliyyətimizdə maarifləndirmə işi mühüm yer tutub.

Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov sosial problemlərin həllində rəhbərliyə göstərdiyi köməyə görə həmkarlar ittifaqı əməkdaşlarına minnətdarlığını bildirmişdir.

Konfrans İradə Kərimovanı yenidən HİK sədri seçmişdir. Sonra Akademiyanın yubiley yaşına çatmış 5 əməkdaşına Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Dövlət Material Ehtiyatları Agentliyi İşçilərinin Həmkarlar İttifaqı Komitəsinin də hesabatı ötən dövr ərzində görülən işlərin qənaətbəxş olduğunu göstərdi.

Bunu Agentliyin rəis müavini Səyyad Ələsgərov da çıxışında təsdiq etdi. İşçilərə göstərdiyi hərtərəfli qayğıya görə HİK sədri Sevda Həsənovaya və komitənin əməkdaşlarına minnətdarlığını bildirdi.

Konfransda təklif edildi ki, Agentliyin tabeliyində olan ilk təşkilatlar birləşdirilsin. Bu, ittifaqın gücünü daha da artırır. Təklif yekdilliklə qəbul olundu. Beləliklə, təşkilat Dövlət Material Ehtiyatları Aparatı və Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Komitəsi adlandırıldı. Sevda Həsənova komitənin sədri seçildi.