Tələbat yerli istehsal hesabına ödənilməlidir


Baxıldı : 195

Tarix : 2017-04-14 22:57:32


Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılığın inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulsa da, bu sahədə problemlər hələ də qalmaqdadır.

"Deyə bilərəm ki, bizim yeganə zəif yerimiz taxılçılıqdır. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Ona görə dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq". Bunu ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda qeyd etdi.

Millət vəkili, Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvü Aydın Hüseynov taxılçılığın inkişafı ilə bağlı qəzetimizə müsahibəsində dedi ki, ölkə başçısının sərəncamı ilə "Ərzaq təhlükəsizliyi dövlət proqramı" qəbul olunub. Bu proqramın əsas məqsədi odur ki, olkə özünün ərzaq məhsullarına olan tələbatını daxili bazarın hesabına yüz faiz təmin etməlidir: "Taxıl və taxıl məhsullarına olan tələbatı daxili bazar təmin edə bilmir və ona görə də bu sahəni təmin etmək üçün Qazaxıstan, Ukrayna və digər ölkələrlə ticarət əlaqələri mövcuddur. Lakin ölkə başçısının tapşırığı ilə  regionlarda münbit torpaqların dövriyyəyə daxil olması ilə bağlı çox böyük işlər görülüb. Sahibkarlar və fermerlərə vergi güzəştlərinin tətbiq edilməsi, dövlət dəstəyi, aqrar komplekslərin fəaliyyətə başlaması, onlara subsidiyaların, güzəştli kreditlərin verilməsi nəticəsində əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə taxıla olan tələbatı tamamilə özümüz təmin edəcəyik”.

Mövzuya münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə dedi ki, elə il olur idxala təxminən 300 milyon manat, elə il də olur 500 milyon manat pul ayırırıq. Bu, buğdanın qiymətindən asılı olur. Düzdür, ölkə taxıla olan tələbatını yerli istehsal hesabına ödəyə bilmir, bu, azmış kimi, xaricdən gətirilən buğdanın da keyfiyyət problemi var. Həmçinin yerli istehsalın da keyfiyyətsiz olduğu vurğulanır. Statistika göstərir ki, 1 milyon hektar torpaq sahəsi taxıl əkini üçün istifadəyə verilib. Bəzən bu rəqəmlər şişirdilmiş olur. Amma deyim ki, bunun yarısı qədər, yəni 500 min hektar torpaq sahəsi əkilsəydi,  taxıla olan tələbat ödənilərdi və idxal olunan məhsuldan daha keyfiyyətli olardı. Azərbaycanda əvvəllər bərk buğda istehsal olunurdu. Bu keyfiyyətli buğda növü bir çox ölkələrin torpaqlarında yetişdirilə bilmir, lakin bizim torpaq bu taxıl növü üçün əlverişlidir. Qazaxıstan və Rusiyadan Azərbaycana gətirilən buğda 4-cü, 5-ci sinif buğdadan, yəni yemlik məhsuldan da keyfiyyətsizdir. Bu, işbazlara sərf edir, çünki bu buğdada zülal az olduğu üçün biz normadan daha çox un məmulatları istehlak edirik. Təsəvvür edin, digər ölkələrdə adambaşına 80- 90 kq. un istehlak olunur. Bizdə  yalnız çörək üçün 1 milyon 500 min ton undan istifadə olunur. Yəni adambaşına təxminən 160 kq. un düşür. Bəzi un növlərinin də xaricdən gətirildiyini nəzərə alsaq, bizim istehlakımız daha çoxdur. Bu da sağlamlığımızı təhlükə altına qoyur, xəstəliklər artır, insanlarda zehni və fiziki qüsurlar çoxalır. Bunun qarşısını almaq üçün bu sahəyə peşəkar məsul işçilər cəlb edilməlidir. Məsələn, ölkəyə gətirilən gübrənin, dərman preparatlarının  keyfiyyəti çox aşağıdır. Bundan fermerlər istifadə edir, lakin istənilən nəticə əldə edə bilmi

rlər. Mineral və üzvü gübrələrdən lazımi qədər istifadə olunmur. Texnoloji avadanlıqların sayı azdır. Yerlərdə bu sahə ilə məşğul olan peşəkar fermerlərə ehtiyac var. Keyfiyyətli taxıl əldə etmək üçün bunlara nəzarət gücləndirilməlidir. Əldə olunan taxıl siniflərə bölünməlidir, ölkədə neçə sinif taxıl var bilinməlidir. Fermerlər üçün elə mühit yaradılmalıdır ki, keyfiyyətli məhsul istehsal edə bilsinlər, gəlir əldə etsinlər və  müasir avadanlıqları özləri alsınlar.

Əsli ƏHMƏDOVA