Tələbələr arasında spartakiada


Baxıldı : 32

Tarix : 2017-11-10 21:31:58


Gənclər və İdman, Təhsil nazirliklərinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri  arasında XIII Respublika Spartakiadası keçirilir. Oktyabr ayından başlanan XIII Respublika Spartakiadası üç ay davam edəcək və dekabrda yekunlaşacaq.  Spartakiadanın təqvim planına idmanın 6 növü (atletika, şahmat, dama, voleybol, basketbol və stolüstü tennis) daxildir. Yarışlar qızlar və oğlanlar arasında keçirilir.

Oktyabrın 16-17-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika (oğlan, qız) və Azərbaycan Dövlət Pedaqoji Kollecin idman zalında isə dama (oğlan, qız) idman növləri üzrə yarışlar yekunlaşıb.

Atletika yarışlarında birinci yeri Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri tutublar. Bakı 2 saylı Baza Tibb Kolleci ikinci olub. Azərbaycan Dövlət Rabitə və Nəqliyyat Kollecinin təmsilçiləri isə üçlüyü tamamlayıblar. Qızlar arasında təşkil olunan dama yarışlarında fəxri kürsünün ilk pilləsinə Bakı 2 saylı Baza Tibb Kollecinin tələbələri qalxıblar. Bakı İdarəetmə və Texnologiya Kolleci ikinci sırada qərarlaşıb. Azərbaycan Dövlət Pedaqoji Kolleci isə üçüncü yerdə mövqe tutub.

Bakı İdarəetmə və Texnologiya Kolleci oğlanlar arasında baş tutan dama yarışlarının qalibi olub. Azərbaycan Dövlət Rabitə və Nəqliyyat və Bakı 2 saylı Baza Tibb kolleclərinin tələbələri müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

 

Azər MUSTAFAYEV