Tələbələrə adlı təqaüdlər təqdim edilib


Baxıldı : 50

Tarix : 2017-10-28 00:05:28


Oktyabrın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə, əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin adlı təqaüdünün verilməsi ilə bağlı mərasim keçirilib.

Mərasimdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin elmə, təhsilə, idmana daim xüsusi əhəmiyyət verdiyini xatırladıb, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Dövlət başçısının gənclərə, onların təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

S.Möhbalıyev qeyd edib ki, ali məktəb tələbələrinə adlı təqaüdün verilməsi TİAHİ Respublika Komitəsinin gənclərlə bağlı həyata keçirdiyi tədbirlər sırasında mühüm yerlərdən birini tutur. Adlı təqaüd Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə 1995-ci ildə təsis olunub. İndiyə qədər 2087 nəfər tələbə bu təqaüdə layiq görülüb. Bu gün isə daha 61 nəfər tələbəyə adlı təqaüdlər veriləcək. Onların hamısı əlaçı olmaqla yanaşı, həm də həmkarlar ittifaqı fəalı olan gənclərdir.

Millət vəkili adlı təqaüdlərin verilmə mexanizmi barədə də tədbir iştirakçılarını məlumatlandırıb. Deyib ki, təqaüd qış və yay imtahan sessiyasının nəticələrinə görə, "əla" və "yaxşı" qiymətlərlə oxuyan, həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir.

Ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanların yaradıldığını bildirən S.Möhbalıyev Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"nın əhəmiyyətindən danışıb.

AHİK sədri sağlam gənc nəslin formalaşdırılması üçün də addımlar atıldığını bildirib. Deyib ki, Respublika Komitəsi olaraq gənclərimizin inkişafına öz töhfəmizi verməyə çalışırıq. Bu məqsədlə hər il TİAHİ Respublika Komitəsi tərəfindən spartakiadalar, müsabiqələr, idmanın müxtəlif növləri üzrə yarışlar, intellektual oyunlar təşkil edilir. Sosial vəziyyəti ağır olan tələbələr üçün pulsuz nahar yeməyi təşkil edilir, ehtiyacı olan ittifaq üzvlərinə maddi yardımlar verilir. Bu tədbirləri təşkil etməkdə başlıca məqsədimiz gənclərdə elmə, təhsilə maraq yaratmaq, onların asudə vaxtının səmərəli təşkili, arzuolunmaz vərdişlərdən uzaq olmasını təmin etməkdir.   

S.Möhbalıyev adlı təqaüdə layiq görülən tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.

Sonra tələbələrə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdləri verilib.

Qeyd edək ki, adlı təqaüdə layiq görülənlər Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran ali məktəblərinin tələbələridir.

(Adlı təqaüdə layiq görülən tələbələrin fotoşəkilləri qəzeti-mizin növbəti sayında dərc olunacaq)

AZƏR