Tələblər dinlənilməli və razılıq əldə olunmalıdır


Baxıldı : 41

Tarix : 2017-12-01 21:36:10


İndustriALL Qlobal İttifaqı ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində yerləşən "Henkel" şirkətinə aid  fabrikin tətil keçirən işçilərinə dəstək verib. Fabrik "Boeing" və digər hava yolu şirkətləri üçün  yapışdırıcı istehsalı ilə məşğuldur. Tətilə səbəb fabrik rəhbərliyinin çalışanların problemlərinə biganə yanaşması, təhlükəsizliklə bağlı məsələlərin həll edilməməsidir. İşçilər tətillə bağlı rəhbərliyə xəbərdarlıq etdikdə onlarla razılaşmaq əvəzinə, müvəqqəti çalışanlar işə alınıb. Yeni işçilərə isə milyonlarla dollar xərclənilir.

Almaniya şirkəti olan "Henkel"in Avropada yerləşən müəssisələrində həmkarlar ittifaqı təşkilatları ilə qarşılıqlı razılaşma və dialoqla davam edən münasibət mövcuddur. 2016-cı ildə işin davamlılığı ilə bağlı hesabatlarda şirkətin həmkarlar ittifaqı təşkilatının qurulması və fəaliyyətinin genişlənməsi yönündə gördüyü işlər qeyd olunub. Amerikada isə bu yöndə problemlər mövcuddur. İşçilərin birliklərə qoşulmasına şərait yaradılmır, ittifaq liderləri ayrı-seçkiliyə və sıxışdırmalara məruz qalırlar. 2013-cü ildə fabrikdə müvəqqəti işçi David Eleidjian təhlükəsizlik tədbirlərinin yetərsizliyi səbəbindən həyatını itirmiş, hadisənin istintaqı zamanı çoxsaylı pozuntular aşkar olunaraq, şirkət 200 min dollar cərimə edilmişdir. Son 6 ayda nasazlıq barədə xəbərdarlıq edilsə də, buxar aparatlarının dəyişdirilməməsi yanğına və xəsarətlərə səbəb olub.

İndustriALL-a daxil olan  Almaniyanın "İG BCE" həmkarlar ittifaqı təşkilatının Avropa siyasəti üzrə direktoru Mikael Mersmann tətilə qoşulanları dəstəklədiklərini bildirib. O qeyd edib ki, daha öncə nümayəndəsi olduğu qurum rəhbərliklə danışıqlar masasında məsələnin həllinə cəhd etsə də, müsbət nəticə alınmayıb.

İndustriALL-ın baş katibi Valter Sançez tətil iştirakçılarının əsasını təşkil edən maşinistlərə dəstək verib. O deyib ki, heç bir qurum işçilərin təhlükəsizliyi ilə bağlı məsələdən boyun qaçıra bilməz. Əməkdaşların tələbləri dinlənilməli və razılıq əldə olunmalıdır.

Cavid SƏFƏROV