Tələblər müvafiq qurumlara çatdırılıb


Baxıldı : 140

Tarix : 2017-12-15 21:47:16


Qazaxıstanın "Arcelor Mittal Temirtau" kömür istehsalı şirkətinin  4 mədənində 200-dən çox işçi tətil elan edib. Dekabrın 11-də iş vaxtının sonunda şaxtaçılar mədəni tərk etməməyə qərar verib. Ertəsi gün ölkənin əmək naziri aksiyanı təsdiq edib. Ümumilikdə 8 mədəndə 684 işçinin tətilə qoşulduğu açıqlanıb.

İndustriALL Qlobal İttifaqına bağlı olan Qazaxıstan  Mədənçilik və Metallurgiya İşçiləri Həmkarlar İttifaqı tətil iştirakçılarının tələblərini müvafiq qurumlara çatdırıb. Etirazçılar mədənlərin konstruksiyasının yaxşılaşdırılması, maaşların artırılması, birinci dərəcəli tibbi sığorta paketinin təminatı, bu sahə üzrə pensiya yaşının 63-dən 50-yə endirilməsi, texniki təchizatın və təhlükəsizlik tədbirlərinin yüksəldilməsi kimi tələblər irəli sürüblər. Bundan başqa, onlar "Arcelor Mittal Temirtau" nun sahibi olan hindli milyarder Lakşmi Mittal ilə görüşmək istədiklərini bildiriblər. Tətilə qoşulanların yemək və su tələbatı qohumlarının hesabına ödənilir.

Qeyd edək ki, "Arcelor Mittal Temirtau" şirkətinin Qazaxıstanda 8 kömür və 4 dəmir filizi mədəni var. İldə təxminən 4 milyon ton metal istehsal olunur.

 

Cavid SƏFƏROV