Tələblər qəbul edilməlidir


Baxıldı : 75

Tarix : 2017-08-25 23:11:29


İngiltərənin paytaxtı Londonda nəqliyyatda çalışan köməkçi işçilər maaşlarının az olması ilə əlaqədar avqustun 27-də 48 saatlıq tətil keçirəcək. "Unite" Həmkarlar İttifaqının təşkil etdiyi tətilə avtobus dayanacağı və infrastruktur nəzarətçiləri, gəlirlərin qorunması üzrə müfəttişlər və yol nəqliyyatı işçilərindən ibarət 400 nəfərlik heyətin qatılacağı planlaşdırılır. Etirazçılar həftəlik ödənişin artırılmasını tələb edirlər. London Nəqliyyat Departamentinin köməkçi işçilər üçün ödədiyi həftəlik 4,8 funt-sterlinqin az olması və məbləğin artırılması ilə bağlı  müraciət olunub. Danışıqlar başlansa da, hələ ki, heç bir nəticəsi yoxdur. İşçilər bildirib ki, departamentə tabe olan metro işçilərinin əməkhaqqı 3,2 faiz artırılsa da, son iki ildə  digər köməkçi nəqliyyat işçilərinə bu, şamil edilməyib.

"Unite"nin bölgə üzrə nümayəndəsi Huq Roberts departamentlə aparılan danışıqların nəticəsiz qalmasından narahat olduğunu, həmçinin maaşların inflyasiyaya uyğunlaşdırılmasının vacibliyini bildirib. O qeyd edib ki, tətil qaçılmazdır: "Şənbə və bazar günləri paytaxtda "Nottinq Hills" karnavalının keçirilməsi və metro stansiyalarının bir hissəsinin bağlanması ilə əlaqədar şəhər nəqliyyatında sıxlıq və xaos yaranacaq. Departament bu problemləri nəzərə alaraq danışıqlarda yekun nəticəyə gəlməli, tələbləri qəbul etməlidir".

Cavid Səfərov