Təminat, sosial dialoq və birgə fəaliyyət müzakirə edildi


Baxıldı : 153

Tarix : 2019-08-02 15:18:56


Hindistanın sement sənayesi üzrə həmkarlar ittifaqı təşkilatları nümayəndələri iş yerində təhlükəsizliyin təminatı, sosial dialoq və birlikdə fəaliyyəti müzakirə etmək üçün Cennay şəhərində bir araya gəliblər.

Təmsilçilər sement sənayesində  irəliləyişə rəğmən, çalışanların sağlamlığına yetərli diqqət ayrılmadığını bildiriblər. Qeyd edilib ki, periodik şəkildə tibbi yoxlamalar aparılmır,  təhlükəsizliklə bağlı işçilərə təlimlər keçirilmir. Nəticədə çalışanlar kristal tozlara, alternativ  yanıcı maddələrə, ağır iş yükünə, gündəlik təyin olunmuş iş saatından daha çox işləməyə görə yaranan təhlükələrin bəzən fərqində olmur. 2011-ci ildən istehsalatda istifadəsinə dövlət tərəfindən qadağa qoyulan asbest maddəsinin istifadə edilməsi iş yerində hər an partlayış riskini ortaya çıxarır.

Çıxış edənlər ölümcül qazlardan istifadəyə diqqət çəkərək  bundan yarana biləcək ağciyər, dəri xəstəliklərinin peşə xəstəliyi kimi qeydə alınmaması və problem zamanı təzminat ayrılmamasına etiraz ediblər. Bundan başqa, əmək şəraitinə yetərli diqqət ayrılmaması son zamanlarda qəzaların  və ölüm hallarının artmasına gətirib çıxarıb.

İndustriALL Qlobal İttifaqının nümayəndəsi Aleksandr İvanov deyib ki, problemlərin həlli üçün həmkarlar ittifaqı təşkilatları birgə mübarizə aparmalıdır. Təhlükəsizlik tədbirlərinin təşkili üçün sosial dialoq artırılmalı, işəgötürən təşkilatlardan bu barədə zəmanət alınmalıdır. Çalışanlara təlimlər keçirilməli, dövlət səviyyəsində yoxlamalar aparılmalıdır.

Toplantıda həmçinin “LafargeHolcim”, “HeidelbergCement”, “CRH”, “Cemex”  və digər şirkətlərdə sosial dialoqun gücləndirilməsi ilə bağlı görülən işlər müzakirə olunub.