Təmirdən əvvəl alternativ yollar tam hazır olmalıdır


Baxıldı : 174

Tarix : 2018-06-30 04:43:31


Son illər yol infrastrukturunun yenilənməsi, mövcud yolların isə əsaslı şəkildə təmiri istiqamətində mühüm tədbirlər həyata keçirilir.  Yol sahəsində daha yüksək nailiyyətlərin əldə olunması  ölkənin sosial-iqtisadi inkişafı baxımından təqdirəlayiqdir.  Lakin yolların  təmiri ilə bağlı vətəndaşların narahatlığına səbəb olan bəzi məqamlar da yox deyil. Belə ki, Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi istiqamətində  asfalt-beton örtüyünün üst qatının yenilənməsi sözügedən yol üzrə tıxacın yaranmasına səbəb olub. Tıxacın ilk günü insanlar avtobuslardan və digər minik avtomobillərindən düşərək piyada hərəkət etməyə məcbur olub. Yolların təmiri isti yay günlərində vətəndaşların həm maddi cəhətdən zərərinə, həm də saatlarla yolda qalmalarına gətirib çıxarır.

Nəqliyyat sahəsi üzrə mütəxəssis, hüquqşünas Ərşad Hüseynov məsələ ilə bağlı bildirdi ki, aidiyyəti qurumlarla əlaqə saxlayıb. Belə düşünürəm ki, onların dediklərində də həqiqət var: “Belə ki, əgər təmir işləri iki ay əvvəldən başlasa idi, tədris ili qurtarmadığı üçün daha çox tıxac yarana bilərdi. Lakin, mənim fikrimcə, yolda təmirə zərurət yaranıbsa, kifayət qədər əvvəldən bağlanan yolların yükünü götürəcək alternativ yollara baxış keçirilməli, ehtiyac olarsa əlavə tədbirlər və texniki işlər görülməli və bir neçə gün əvvəl ictimaiyyətə məlumat verilməli  idi. Yəni ayın hansı günləri yollar bağlanacaq, sürücülər  digər yollardan necə istifadə edə bilərlər. Ən əsası da düşünürəm ki, Bakı-Sumqayıt yolunu uzunluğuna iki hissəyə bölüb bir hissəsini təmirə, yarısını isə istifadəyə vermək olardı.

“Dünyanın milyonlarla insan yaşayan böyük şəhərlərində qızmar hava şəraitində və ya həddən soyuq havalarda  şəhərin əsas giriş və çıxış hissələrində nəqliyyatın iflicinə səbəb olan təmir işlərinə rast gəlinmir”.  Bunu Vətəndaşların Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov dedi. O qeyd etdi ki, təmirə zərurət olsa belə, əvvəlcə alternativ yolları genişləndirməli idilər: “Məsələn, baxmayaraq ki, sovet dönəmində bugünkü kimi yollarda nəqliyyat sıx deyildi, asfaltda pambığı harda qurudurdularsa, o hissə bağlanırdı amma kənardan əlavə yol saxlayırdılar ki, nəqliyyatın hərəkəti dayanmasın. Hazırda isə alterantiv yollardan istifadə  məhdud olduğu üçün yollarda təmir zamanı nəqliyyatın hərəkəti iflic olur, tıxac nəticəsində ətraf mühitə həddən artıq zərərli qazlar atılır. Qızmar günəşin altında fəhlələrin işləməsi  isə əməyin mühafizəsi qaydalarının pozulmasına səbəb olur. Eyni zamanda mən başa düşürəm ki, yollar təmir olunmalıdır, yenilənməlidir. Lakin fikirləşib bunu daha yaxşı, planlı şəkildə həyata keçirmək lazımdır ki, vətəndaşlar saatlarla yollarda qalıb əziyyət çəkməsin”.

Onu da qeyd etmək istərdim ki, Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə sözügedən yolda aparılan işlərin hələ təxminən 1 aya qədər davam edəcəyini söyləyib.

O bildirib ki, təmir hələ yeni başlayıb və mərhələli şəkildə davam edəcək: “Təmir davam etdikcə hissə-hissə müəyyən məhdudlaşdırmalar olacaq. Ümumi yolda işlər 2 həftəyə qədər davam edəcək, yəni Avtovağzaldan Xırdalan dairəsinə kimi.

Sonra isə əks istiqamətdə başlanılacaq. Ümumilikdə 1 aydan bir qədər az müddətə tamamlanacaq”.

Əsli ƏHMƏDOVA