TEMP-2019 Beynəlxalq Forumu gənc həmkarlar ittifaqı işçiləri sosial problemlərin qeyri-standart həlli yollarını araşdırdılar


Baxıldı : 109

Tarix : 2019-07-08 07:25:32


İyunun 22-dən 28-dək Beynəlxalq Əmək Təşkilatının dəstəyi və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının (ÖHİF) təşkilatçılığı ilə “Həmkarlar İttifaqı üzvü olan Gənclərin Əməkdə Birliyi” (TEMP) Beynəlxalq Forumu keçirilmişdir. Forumun açılışında Özbəkistanın Əmək münasibətləri və məşğulluq naziri Şerzod Kudbiyev, ÖHİF-in sədri Kudratilla Rafikov, Mərkəzi Gənclər Şurasının sədri Kaxromon Kuranbayev və BƏT-in ekspertləri çıxış etdilər.

Çıxışlarda deyildi ki, TEMP Forumu dünyanın 20 ölkəsinin həmkarlar ittifaqlarında çalışan tədris və liderlik məktəbini keçmiş gənclərin fəaliyyətində və təhsilində mühüm rol oynayır.

Forum sosial problemlərə dair biliklər və anlayışların inkişafına və onların qeyri-standart vasitələrlə həll yollarının tapılmasına öz dəyərli töhfəsini vermişdir. Gənclərlə işin kadr siyasətində və təşkilati fəaliyyətdə əsas aparıcı xətt olması qeyd olunmuşdur.

Tədbirdə hökumətlər qarşısında bir sıra mühüm məsələlər qaldırılmışdır. Tövsiyə olunmuşdur ki, gənclərin məşğulluğuna, onların işgüzar təşəbbüslərinin təmin edilməsinə, habelə gənclərə əmək bazarının tələblərinə cavab verəcək yeni biliklərin tədrisi və aşılanması üçün işəgötürənlər tərəfindən sərmayə qoyuluşu stimullaşdırılmalıdır. İstehsalata sərmayə qoyuluşlarının həcmi, əmək bazarlarının inklüzivliyi artırılmalıdır. Hökumətlər sosial tərəfdaşlığın müasir formalarının tətbiq edilməsi əsasında vakansiyalar haqqında kompleks göstəricilər bazasının yaradılmasına ünvanlanacaq dövlət proqramlarının işlənməsi və həyata keçirilməsində öz səylərini əsirgəməməlidirlər.

Həmkarlar ittifaqlarının gənclər siyasətinin gələcəkdə təkmilləşdirilməsi barədə danışılarkən qeyd edilmişdir ki, sənayenin sahələri üzrə müqavilələrin və kollektiv sazişlərin gənclərə dair bölmələrinin hazırlanması prosesinə tələbələr və işləyən gənclər də cəlb olunmalıdır. Həmçinin bildirildi ki, ali və orta tədris müəssisələrinin məzunlarının ilk iş yerlərində həmkarlar ittifaqları sferasına cəlb olunması məqsədilə, onların peşə inkişafını diqqətdə saxlamaq lazımdır.

Forumda biz Özbəkistan həmkarlar ittifaqının gənclərlə iş, sosial müdafiə sahəsində fəaliyyəti, respublika iqtisadiyyatının inkişafında mühüm rol oynayan milli istehsal məhsullarına dair dövlət siyasəti mexanizmləri ilə tanış olduq. Dəvət olunmuş ölkələrin təmsilçiləri arasında təcrübə mübadilələri aparıldı.

Bizə məlumat verdilər ki, Özbəkistanda ali məktəbi bitirən tələbələr iş üçün sınaq müddəti tətbiq edilmədən işlə təmin olunurlar.

Eyni zamanda onlarda tədris müqaviləsi mövcuddur. Həmin müqaviləyə əsasən, iş stajına malik olan mütəxəssis öyrətmək məqsədilə öz himayəsinə 6 ay müddətə 2 nəfərdən artıq şagird götürə bilməz. Belə bir təcrübə xüsusi olaraq texniki sahələrdə tətbiq edilir. Tədris tamamlandıqdan sonra şagird müvafiq imtahan verir və müəllim kollektiv sazişdə əks olunan maddə əsasında, imtahanın nəticələrindən asılı olaraq, mükafatlandırılır. Daha bir diqqətçəkən məqam o oldu ki, Gənclər Şurası tərəfindən gənc işçilərə mənzil almaq və sair məsələlərdə təsirli kömək göstərilir.

Forum çərçivəsində interaktiv master klass keçirildi. Master klass keçirməkdə məqsəd, fərqli ölkələrdən olan  gənc həmkarlar ittifaqı işçilərini birləşdirən ortaq cəhətləri aşkar etmək idi.

Forumda Azərbaycan nümayəndə heyəti də - Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin baş mütəxəssisi Rauf İbrahimli, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin aparıcı mütəxəssisi Nəsimi Cəfərov, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Kompleks Qazma Tresti Komitəsinin təlimatçısı Gülnar Əlisultanova, Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilat işləri üzrə baş mütəxəssisi Sevinc Abbasbəyli və bu sətirlərin müəllifi iştirak etmişlər.

Forumda mənə də söz verdilər. AHİK-in həyata keçirdiyi gənclər siyasəti və gənclərin məşğulluğu ilə bağlı ətraflı məlumat verdim. Digər ölkələrdən gəlmiş bir çox həmkarım çıxışımda səsləndirdiyim tədbirlərin onlar üçün yeni olduğunu söylədi. Təcrübəmizin öz ölkələrində də tətbiq olunacağını dedilər.

Sonda onu da deyim ki, bu forumun təşkilinə qardaş ölkənin həmkarlar ittifaqı mərkəzi ilə yanaşı, dövləti də xüsusi məsuliyyətlə yanaşdı. Tədbir iştirakçılarına maraqlı anlar yaşatdılar. Bizi Səmərqənd şəhərinin icra başçısı qəbul etdi. Qəbulda gənclərin ünvanına xoş sözlər söyləndi.

 

Ceyla ŞAMÇIYEVA,

AHİK-in Beynəlxalq əlaqələr

şöbəsinin mütəxəssisi