Temperatur 41 dərəcəni keçərsə


Baxıldı : 134

Tarix : 2018-06-30 04:50:24


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

Nazirlikdən bildirilib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Müraciətlə bağlı nə kimi işlərin görüldüyünü və hansı nəzarət tədbirlərinin həyata keçirildiyini öyrənmək üçün Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri Etibar Əliyevlə əlaqə saxladıq. Sədr bildirdi ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Aran rayonlarında yerləşən təşkilatlarımızla artıq əlaqə saxlanılıb: “Həmin yerlərdə bizim köşklərimiz quraşdırılıb, içməli su təminatının yaxşılaşdırılması və günün lap qızmar vaxtlarında işçilərə 1 saatdan artıq fasilə verilməsi üçün tədbirlər həyata keçirilib. Və təbii ki, əgər temperatur 41 dərəcəni gösətərərsə, o zaman işlərin dayandırılması barədə tövsiyəmiz də onlara çatdırılıb. 

Aliyə SƏMƏDOVA