Təqdimat mərasimi oldu


Baxıldı : 47

Tarix : 2017-10-07 01:11:26


Noyabrın 24-25-də Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, "Azərsu" ASC, BMT Qlobal Saziş Azərbaycan Şəbəkəsi, Clarivate Analytics, Türkiyənin "Hak-İş" Konfederasiyasının təşkilatçılığı ilə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində işlərin uğurla davam etdirilməsinə dəstək  üçün "Dünyamızın transformasiyası: Dayanıqlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu" adlı beynəlxalq elmi konfrans təşkil olunacaq.

Konfransa hazırlıq məqsədilə oktyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə elmi tədqiqatçılar, alimlər, ictimai xadimlər və  müxtəlif təşkilat nümayəndələri iştirak edirdilər.

Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov tədbiri açaraq bildirdi ki, cəmiyyətlərin davamlı inkişafa, sosial bərabərsizliyin azaldılmasına, yerli və qlobal səviyyədə yaşayış şəraitinin yaxşılaşdırılmasına dair transformasiyaya ehtiyacı var. O, bu istiqamətdə dövlətimizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verdi. Onu da qeyd etdi ki, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı dəstəkçi təşkilat kimi konfransla əməkdaşlıq edir.

Sonra söz Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilat və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, BMT Qlobal Saziş Azərbaycan Şəbəkəsinin əlaqələndiricisi, Beynəlxalq Konfransın Təşkilat Komitəsinin sədri Xəyalə Məmmədovaya verildi.

X.Məmmədova bildirdi ki, bu gün Azərbaycan Respublikası güclü iqtisadiyyata, dayanıqlı siyasi-hüquqi və sosial-müdafiə sisteminə, təhlükəsiz və sabit ictimai-siyasi mühitə, yenilənmiş infrastruktura malik, beynəlxalq təşkilatlara inteqrasiya olunmuş bir dövlətdir. Azərbaycanın hazırkı inkişaf səviyyəsi göstərir ki, ölkəmiz Dayanıqlı İnkişaf Proqramında nəzərdə tutulmuş hədəflərə çatmaq üçün güclü potensiala malikdir.

Tədbirdə Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Milli Əlaqələndirmə Şurasının rəsmisi Elnur İbrahimov, "Azərsu" ASC-nin nümayəndəsi Talehə İsmayılovanın da çıxışları dinlənildi.

Çıxışlardan sonra "Dünyamızın transformasiyası: Dayanıqlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu" adlı beynəlxalq elmi konfransın veb saytının rəsmi təqdimatı keçirildi.

Təqdimatın sonunda  tədbir iştirakçılarının sualları cavablandırıldı.