Təqdirəlayiq addımlardan biri görülən işlərin davamlı xarakter almasıdır


Baxıldı : 28

Tarix : 2017-11-10 21:46:33


Bu günlərdə Prezident İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin yaradılması ölkəmizdə hansı sahələrin inkişafına xidmət edəcək? Senaye Parkları yeni iş yerlərinin açılmasına necə təsir göstərir? Suallarımızı ekspertlər cavablandırdılar.

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bu, ölkədə sənayenin, qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcək: "Ölkə iqtisadiyyatının yeni dövrə uyğun inkişaf etdirilməsi istiqamətində uzun müddətdən bəri həyata keçirilən islahatlar, atılan addımlar davam edir. Sözügedən fərman da bunun tərkib hissəsidir. Nəzərə alsaq ki, postneft dövründə iqtisadiyyatda əsas diqqət qeyri-neft sektoru və sənayenin inkişafına yönəldilir, o zaman Azərbaycanda bu sahədə görülən işlərin davamlı xarakter alması lazımlı bir addımdır. Bu baxımdan dövlət başçısının imzaladığı fərman əsasında yaradılan "Azərbaycan Sənaye Korporasiyası" ASC bu istiqamətdə atılan ən təqdirəlayiq addımlardan sayıla bilər. Çünki ölkədə sənayenin inkişaf etdirilməsi və müasir tələblərə uyğun qurulması son dərəcə vacibdir. Təsadüfi deyil ki, fərmanda uğurlu inkişafın təmin edilməsi üçün növbəti dövrlərdə də müasir çağırışlar və yeni təşəbbüslərin nəzərə alınması xüsusi olaraq qeyd edilir. Son illər Azərbaycanda sənaye parklarının və məhəllələrinin yaradılması istiqamətində ciddi iş gedir. Ölkədə bir neçə yerdə sənaye parkı tikilib və Sumqayıtda, Mingəçevirdə artıq bunlar istifadəyə verilib. O cümlədən Qaradağda, Balaxanıda da tikilir. İndiki vaxtda bu həm iş yerlərinin açılmasına səbəb olur, həm də insanlar müəyyən qədər məvacib alırlar. Həmçinin iqtisadiyyatın inkişafına müəyyən qədər müsbət təsir edir. Hesab edirəm ki, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin yaradılması bu istiqamətdə görülən işlərə öz müsbət töhfəsini verəcək. Ən başlıcası isə, ölkədə sənayenin inkişafına müsbət təsir göstərəcək".

İqtisadçı-ekspert Ruslan Atakişiyev bildirdi ki, Azərbaycanın milli iqtisadiyyatının inkişafı ilə bağlı Strateji Yol Xəritəsi hazırlanmışdır. Burada sənayenin inkişafı başlıca amil kimi qeyd olunub və sənaye korporasiyasının yaradılması öz əksini tapıb. Ekspert vurğuladı ki, "Azərbaycan Sənaye Korporasiyası"nın yaradılması qeyri-neft sektorunun inkişaf etdirilməsi strategiyasının bir hissəsidir.

Günel QULİYEVA