Təqib və təzyiqlərə son qoyulmalıdır


Baxıldı : 49

Tarix : 2017-07-28 20:29:06


Əlcəzairdə enerji sektorunda çalışanların iyulun sonlarında etiraz aksiyası keçirəcəyi barədə daha öncə məlumat vermişdik. İyulun 20-nə planlaşdırılan aksiyanı da-yandırmaq üçün 5000 polis cəlb edilib və 600-ə yaxın "SNATEGS" həmkarlar ittifaqının üzvü həbs olunub.  Xüsusi texnika ilə aksiyaçıların önü kəsilərək şəhərin mərkəzinə irəliləməsinin qarşısı alınıb. İttifaqın prezidenti Rauf Mellal da polis tərəfindən saxlanılıb. O, mitinqdə həmkarlarını təhlükəyə atmamaq üçün polisin əmrinə uyğun hərəkət etmək barədə çağırış edib. R.Mellal təmsil etdikləri qurumun nüfuzunu qorumalı olduqlarını bildirib.

İyulun 24-də "SNATEGS"-dən ictimaiyyətə verilən açıqlamada "SOLENGAS" enerji şirkətində çalışan üzvlərinin hüquqlarının mühafizəsi üçün keçirilən dinc aksiyaya hökumətin reaksiyasından narahatlıq ifadə edilib. Bildirilib ki, bu yürüşə ölkənin hər yerindən fərqli sektorda çalışanlar qatılmışdı. Dinc yürüşün keçirilməsinə izn verilməyib. Nəticədə 92 nəfər işdən atılıb, 900-ə yaxın iştirakçı barədə məhkəmə işi başlanıb.

35 min üzvü olan "SNATEGS" həmkarlar ittifaqının daha öncə hökumət tərəfindən səlahiyyətləri ləğv edilmiş, idarə heyətindəki işçilərin ölkədəki fəaliyyətində problemlər yaradılmışdı. Bu, eyni zamanda BƏT-in ratifikasiya edilmiş konvensiyalarına əməl edilməməsi deməkdir.

İndustriALL Qlobal İttifaqı Əlcəzairin BMT-dəki təmsilçisinə ölkədə həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə maneələr yaradılması, üzvlərin həbs və təqiblərə məruz qalması barədə yazılı məlumat göndərib. Məsələ iyun ayında keçirilən Beynəlxalq Əmək Konfransında da Standartların Tətbiqi üzrə Komitə tərəfindən araşdırılıb və Əlcəzair hökumətinə ratifikasiya edilmiş, BƏT-in  87 saylı konvensiyasına əməl etmək, həmkarlar ittifaqı təşkilatlarının dinc aksiyalar keçirməsinə mane olmamaq, son hadisələrə görə ixtisar olunanların işlə təminatını həyata keçirmək tapşırılıb.

 

 

Cavid Səfərov