Təqiblərə qarşı birgə mübarizəyə çağırış


Baxıldı : 108

Tarix : 2017-06-16 22:08:09


Əlcəzair Müstəqil Həmkarlar İttifaqlarının nümayəndələri ölkədə həmkarlar ittifaqı təşkilatlarına basqının dayandırılması üçün İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən Beynəlxalq Əmək Konfransının  106-cı sessiyasında BƏT-ə müraciət edib. İyunun 13-də təşkil olunan mətbuat konfrasında çıxış edən Əlcazair Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Raşid Malaoi bildirib ki, neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatda çətinliklər yaradıb: "Əmək sektorunda yaranan böhranla mübarizə aparan həmkarlar ittifaqı təşkilatları hökumət tərəfindən təqiblərə məruz qalır, haqları tapdalanır. İş yerlərində yaranan problemlə əlaqədar təşkil olunan tətil və aksiyalar qeyri-qanuni hesab edilir, həmkarlar fəallarının işinə son verilir.

İndustriALL Qlobal İttifaqına üzv olan "SNATEGS" Həmkarlar İttifaqının 35 min üzvü var. Onlar ölkənin ikinci ən böyük enerji şirkəti "Sonelgaz"da  çalışanlardır. İttifaqın prezidenti Rouf Mellal korrupsiya və digər hüquq pozuntularının araşdırılmasını tələb etdiyi üçün ona 6 aylıq həbs müddəti verilmiş, karyerasına son qoyulmuşdur. Təqiblərə məruz qalan R.Mellal  və ailəsi ünvanlarını dəyişməyə məcbur olmuşdur. O bildirib ki, bu ilin martından enerji sektorunda ölüm hallarının artması ilə əlaqədar "SNATEGS" bir neçə dəfə tətillər və aksiyalar təşkil edib: "Nəticədə ittifaqın 92 üzvü işdən çıxarıldı, 12 nəfər həbs olundu. Hökumət mayın 16-da ittifaqın qeydiyyatını ləğv edərək  BƏT ilə sözləşməsini də pozmuş oldu.  "Sonelgaz"  ölkənin yeganə qaz və elektrik təminatçısıdır. Burada çalışanların orta aylıq əməkhaqqı 200 avrodur. Bundan əlavə, təhlükəsizliklə bağlı məsələlər  ən aşağı səviyyədədir. İşçilər bu və ya digər çatışmazlıqları nəzərə alıb bu ay yürüş keçirməyi planlaşdırır. Biz əvvəlki  gücümüzü qazanmaq üçün əlimizdən gələni etməyə qərarlıyıq”.

Beynəlxalq Əmək Konfransının sessiyasında məsələyə münasibət bildirən İndustriALL-ın katibi Kamal Özkan ədalət əldə olunana qədər "SNATEGS"-i dəstəkləyəcəklərini deyib. O, hökumətdən ittfaqın yenidən qeydiyyata alınmasını və işdən çıxarılanların əvvəlki işlərinə qaytarılmasını tələb edib.

Cavid Səfərov