Tərəflər arasında qarşıdurma hökm sürür


Baxıldı : 170

Tarix : 2019-07-26 14:29:53


Gürcüstanda fəaliyyət göstərən Çexiyaya məxsus  “Energo-Pro Georgia”şirkətinin iş yerində işçilərin hüquqlarına biganə yanaşması etiraza səbəb olub. Enerji İşçiləri Gürcüstan Həmkarlar İttifaqı iş yerində hörmət və ləyaqətin qorunması üçün kampaniya başladıb. İttifaq həmkarlar ittifaqı təşkilatının fəaliyyətinin şirkət tərəfindən tanınması, maaşların inflyasiyaya uyğun indeksləşdirilməsini irəli sürüb. Şirkət isə danışıqlardan imtina edib.

Aprel ayında “Energo-Pro Georgia”nın binası önündə aksiya keçiriblər.

Birliyin prezidenti Amiran Zeniaşvili məsələ ilə bağlı bildirib ki, aksiyadan sonra tələblərimizi rəsmi olaraq şirkətə və əmək nazirliyinə ünvanlamışıq: “Hökumətdən vəziyyətin həlli ilə bağlı vasitəçilik etməsini istədik. Hökumət həmkarlar ittifaqı təşkilatı və işəgötürən qurum arasında  vasitəçi təyin etdi. İndi cavab gözləyirik. Şirkətin isə həmkarlar ittifaqı təşkilatına qarşı kampaniyası davam edir. Aprel ayından bu günə qədər tərəflər arasında qarşıdurma hökm sürür”.

İndustriALL Qlobal İttifaqının baş katibi Valter Sançez şirkətin direktoru Jaromir Tesara məktub göndərib. Məktubda  rəhbərliyin vəziyyətə müdaxilə etməsi, işlərin əmək qanunvericiliyinə və beynəlxalq standartlara tam uyğun şəkildə  təşkili, sosial dialoqa razılıq verilməsi tələb olunur.

Baş ofisi Praqada yerləşən “Energo-Pro” bir neçə törəmə şirkət vasitəsilə 5 ölkədə 9 mindən çox işçisi olan hidro elektroenergetika şirkətidir. Şirkət Çexiya, Gürcüstan, Bolqarıstan, Türkiyədə enerji istehsalı, Sloveniyada isə texnoloji avadanlıq sahəsində fəaliyyət göstərir. Gürcüstanda 15 hidro 1 qaz elektrik stansiyasına sahib şirkətin 6180 işçisi  də bu ölkədə çalışır.

Cavid SƏFƏROV