Tərəflər arasında razılıq əldə olunmasa


Baxıldı : 84

Tarix : 2019-09-13 17:51:09


Sentyabrın 9-da Britaniya Hava Limanı pilotları maaş artımı tələbi ilə tətil elan ediblər. İkigünlük tətil müddəti ərzində bütün uçuşlar təxirə salınıb.

Bu, 10 minə yaxın sərnişinin hava limanında gözləməsinə səbəb olub. Ümumilikdə 1700 uçuş ya ləğv olunub, yaxud təxirə salınıb. Ölkənin Pilotlar Birliyi verdiyi açıqlamada Britaniya hava limanı rəhbərliyinin xərcləri azaltdığına görə əhalinin quruma inamının sarsıldığını bildirib.

Tətilçilərin tələbi maaşların artırılması və hava limanı rəhbərliyinin idarəetmə strategiyasını dəyişməsidir. Pilotlar illik gəlirin işçilərin maaşlarının artırılmasına imkan verdiyini iddia etsə də, hava limanı rəhbərliyi bunu təkzib edib. Bildirilib ki, ildə 6,5 milyard funt-sterlinq yeni təyyarələrə və digər xidmətlərə xərclənilir.

İngiltərənin baş naziri Boris Conson tərəfləri problemləri danışıqlar yolu ilə həll etməyə çağırıb.

İkigünlük tətilin sonunda Britaniya Hava Limanında uçuşlar yenidən bərpa olunub. Rəhbərlikdən verilən açıqlamada yaranan problem üçün müştərilərdən üzr istənilib. Bildirilib ki, yaxın günlərdə təxirə salınan reyslər təşkil olunacaq. Bundan başqa, müştərilər pullarını geri ala, yaxud digər günlər üçün biletlərini yeniləyə bilərlər.

Yaxın günlərdə tərəflər arasında razılıq əldə olunmasa, sentyabrın 27-də daha bir tətil planlaşdırılır.

 

Cavid SƏFƏROV