Tərəflərin qarşısında duran hədəflərdən danışıldı


Baxıldı : 52

Tarix : 2019-11-01 16:20:04


Oktyabr ayının 22-də Cəlilabad rayonundakı Heydər Əliyev adına Mərkəzdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Yardımlı, Lerik, Astara, Lənkəran, Masallı, Neftçala, Hacıqabul, Biləsuvar və Cəlilabad rayon komitələrinin və ilk təşkilatların sədrləri və fəallarının iştirakı ilə növbəti zona seminar-müşavirəsi keçirilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və seminar iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoydu, sonra Ulu Öndərin adını daşıyan Mərkəzdə seminar-məşğələyə başladı.

Tədbiri TİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə açmışdır. O, Respublika Komitəsi ilə Təhsil Nazirliyi arasında 2019-2020-ci illər üçün bağlanmış kollektiv saziş, ilk təşkilatların müəssisə rəhbərləri ilə imzaladığı kollektiv müqavilələrin şərtlərinin yerinə yetrilməsi sahəsində tərəflərin qarşısında duran vəzifələrdən danışdı.

Mirzə müəllim tədbir iştirakçılarının diqqətini 2020-ci ilin birinci rübündə ilk təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqlarına çəkdi. Yığıncaqların keçirilməsi və sənədləşdirilməsi ilə əlaqədar ilk və rayon komitələrinin görəcəkləri işlər barədə ətraflı məlumat verdi. Bu məqsədlə Respublika Komitəsinin hazırladığı sənədlər toplusu ilə onları tanış etdi.

M.Cəfərzadə üzv təşkilatlarda üzvlük biletlərinin və qeydiyyat vərəqələrinin yenilənməsi məsələsinə də toxundu. Yeni sənədlərin yazılması, uçotu, saxlanması, həmçinin üzvlük biletlərinin ittifaq üzvlərinə təqdimolunma qaydalarını izah etdi.

Seminarda Respublika Komitəsinin hüquqşünası Sübut Əsədov, sahə Hİ Cəlilabad Rayon Komitəsinin sədri Nəbi İsgəndərov, Biləsuvar Rayon Komitəsinin sədri Səxavət Pənalıyev, Lerik Rayon Komitəsinin sədri Cəlil Abbasov, Cəlilabad Rayon Təhsil Şöbəsi metodkabinetin müdiri Nadir Babayev və digərləri çıxış etmişlər.

Tədbir sual-cavabla davam etdirilmişdir.

Seminar-müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Elnarə Həsənova və rayon təhsil şöbəsinin müdiri Qərənfil Əhmədova iştirak etmişlər.

Əsli ƏHMƏDOVA