Terminallar tələbatı ödəmir


Baxıldı : 209

Tarix : 2017-05-05 22:47:27


Bakı şəhərində sərnişindaşıma ilə məşğul olan avtobuslarda kart sisteminə keçid hamını məmnun etsə də, satış və yükləmə aparatlarının sayının azlığı və bu ödəmə terminallarında tez-tez baş verən texniki nasazlıqlar hələ də həllini tapmayıb. Bəzən dayanacaqlarda qurulan 2-3 terminaldan ancaq biri işləyir, elə də olur ki, heç biri işləmir. Vətəndaşlar kilometrlərlə yolu qət edib digər dayanacaqdakı aparatlardan istifadə etməyə məcbur qalırlar. Bu zaman işləyən aparat qarşısında növbə yaranır və müəyyən narazılıqlar ortaya çıxır, bu,  xüsusən  günün pik vaxtlarına təsadüf edir.

 Məsələ ilə bağlı "MilliÖN" ödəniş sistemlərinin əməkdaşı Ülviyyə Əfəndiyeva bildirdi ki, texniki nasazlıq olanda bizim sistemdə qeydiyyata alınır və texniki şöbə bunun müşahidəsini aparır: "Bakı şəhəri üzrə bizim terminalların sayı 3000-ə yaxındır. Onlara tələbat çox olduğundan texniki nasazlıqlar baş verə bilir. Elə olur ki, texniki şöbənin əməkdaşlarını göndəririk  hansısa bir məkana və baş verən nasazlığı aradan qaldırır, lakin bir neçə dəqiqədən sonra bizə müştərilərdən həmin ödəniş terminalında yenə problemin yaranması haqqında müraciət daxil olur. Əhalinin aparatlardan  istifadə qaydaları da buna təsir edir. Müştərilər ödəmə əməliyyatını düzgün aparmalıdır. Bəzən sərnişin terminala yararsız qəpik və ya əskinaz pulu yükləyir ki, bu da pulun ilişməsinə səbəb olur və nəticədə sistem funksiyasını dayandırır".

Problemin nədən qaynaqlandığını və işləməyən terminallara nəzarətin niyə zəif olduğunu bilmək üçün "BakıKart"la da əlaqə saxladıq. Bildirildi ki, gün ərzində "BakıKart" terminallarında hər hansı bir problem yaranırsa və bununla bağlı müraciət daxil olursa, əməkdaşlarımız ora göndərilir və məsələ öz həllini tapır. Texniki nəzarət isə mütəmadi olaraq aparılır.

Əsli ƏHMƏDOVA