Təşəbbüskarlıq nüfuzun ən dəyərli təminatçısıdır


Baxıldı : 83

Tarix : 2017-05-27 01:04:29


“Biz çox vaxt hansısa təşkilatın işini qiymətləndirərkən tədbirlər planını necə icra etdiyini əsas götürürük. Bu, lazımdır və başlıca şərtdir. Amma təşkilatın nüfuzunun daimi təminatı baxımından keçərli deyil. Nüfuzun uzunömürlü xarakter daşımasını istəyiriksə, işimizdə təşəbbüskarlığa geniş yer ayırmalıyıq”.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə Azərbaycan Dövlət İqtisadiyyat Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin mayın 24-də keçirilən hesabat-seçki konfransında çıxış edərkən bu sözləri söylədi. O, təşəbbüskarlıq dedikdə nəyin başa düşüldüyünü açıqladı. Dedi ki, həmkarlar ittifaqı universitetin fəaliyyətinin bütün sferalarında fəal iştirak etməlidir. Təhsilin, dərs bölgüsünün, tədrisin, işçilərin əməyinin mühafizəsinin, istirahətinin təşkilində və sair məsələlərdə öz sözünü deməlidir. Bu sahələrdə işin daha səmərəli nəticələr verə biləcəyi naminə ideyalar irəli sürməli, rektorluq qarşısında təkliflər səsləndirməlidir. Burada çıxışlarda məlum oldu ki, tələbələri narahat edən məsələlər var. Yataqxana və sair problemlər həllini lazımi qədər tapmayıb. Əlbəttə, konfranslarda, seminarlarda, yığıncaqlarda belə qüsurları demək azdır. Onları aradan qaldırmaq yolları düşünülüb universitet rəhbərliyinə çatdırılmalıdır.

Konfransda universitetin HİK sədri Rüfət Süleymanlının hesabat məruzəsi və məruzə ətrafında çıxışlar dinlənildi. Məruzədə hesabat dövründə komitənin gördüyü işlər barədə geniş məlumat verildi. Tələbələrin sosial problemlərinin çözələnməsi baxımından atılan addımlar təqdim olundu.

Məruzədə və çıxışlarda xüsusi bildirildi ki, universitet Təhsil Nazirliyinin sahə Hİ Respublika Komitəsi ilə birlikdə təşkil etdiyi tədbirlərdə həmişə ən fəal iştirakçılar sırasında olub.

Sonda təşkilati məsələyə baxıldı. Konfrans yekdilliklə R.Süleymanlını yenidən komitə sədri seçdi.

Tədbirdə universitetin tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova da çıxış etdi.