Təsis konfransı keçirilib


Baxıldı : 74

Tarix : 2019-09-20 19:03:14


Sentyabrın 20-də Kənd Təsərrüfatı Nazirliyi İşçiləri Həmkarlar İttifaqı Birliyinin təsis konfransı keçirilib. Tədbiri giriş sözü ilə nazirliyin aparatının həmkarlar ittifaqı komitəsinin və konfransın təşkilat komitəsinin sədri Fuad Məmmədov açıb. O, konfransa hazırlıq barədə qısa məlumat verib. Deyib ki, təsis konfransında 112 nümayəndə iştirak edir.

Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çıxışında bildirdi ki, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir: “Aqrar sektora diqqət və qayğı, həyata keçirilən tədbirlər kənd təsərrüfatının davamlı inkişafına şərait yaradır. Bu ilin ilk yarısında aqrar sektorda artım 13% təşkil edib ki, bu da son illər ərzində rekord göstəricidir”.

O, Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. Komitənin fəaliyyətinə dəstək göstərdiyinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə təşəkkür edib.

AHİK-in sədr müavini Aqil Dadaşov təmsil etdiyi qurumun Kənd Təsərrüfatı Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Birliyinə davamlı dəstək göstərəcəyini bildirib. O, Birliyin beynəlxalq miqyasda əlaqələr quracağına və beynəlxalq təcrübədən faydalanacağına əminliyini ifadə edib.

“Kənd-Qida-İş” Hİ Federasiyasının sədri Tofiq Quliyev yaradılan yeni birliyin idarəetmədə mərkəzləşdirilmiş xətt yürüdəcəyinə inandığını söyləyib.  

Daha sonra Kənd Təsərrüfatı Nazirliyi İşçiləri Həmkarlar İttifaqı Birliyinin təsis olunması məsələsi səsverməyə çıxarılıb və yekdilliklə qəbul olunub.

İclasda həmçinin Birliyin sədrinin, eləcə də rəhbər orqanlarının - Məclis və Rəyasət Heyətinin tərkibinin seçilməsi məsələsinə də baxılıb.

Tədbir iştirakçıları tərəfindən yekdilliklə namizədliyi irəli sürülmüş Fuad Məmmədov Kənd Təsərrüfatı Nazirliyi İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri seçilib.

Aliyə SƏMƏDOVA