Təşkilatçılıq məktəbi


Baxıldı : 148

Tarix : 2020-01-31 16:11:54


Bugün Azərbaycan həmkarlar ittifaqları sıralarında 248 mindən çox gənc var. Bunların 131 min nəfəri oğlan, 117 min nəfəri qızdır. Həmkarlar ittifaqının seçkili orqanlarında 12 min nəfərə yaxın gənc təmsil olunur. Onların 993-ü həmkarlar ittifaqı komitəsinin sədridir.

Azərbaycan həmkarlar ittifaqları gənclər siyasətinin əsasını gənclərin hüquqi mənafelərinin müdafiəsi, onların həmkarlar ittifaqlarına təyinatının, vəzifələrinin zəruriliyinin təbliği təşkil edir. Eyni zamanda gənclərin həmkarlar ittifaqı üzvlüyünə cəlbi və işəgötürənlər tərəfindən onların hüquqlarına riayət olunması da bu sıraya daxildir.

Gənclərin təşkilatlanması məqsədilə 2004-cü ilin noyabrında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  (AHİK) nəzdində Gənclər Şurası yaradılmışdır. Qeyd edək ki, 2005-ci ildən başlayaraq, AHİK-in üzv təşkilatlarında da Gənclər Şurasının yaradılmasına start verilmişdir. Hazırda sahə həmkarlar ittifaqlarının böyük əksəriyyətində gənclər şuraları fəaliyyət göstərir və gənclərlə mütəmadi iş aparılır.

Gənclər Şurasının əsas məqsədi gənclərə həmkarlar ittifaqı işinin üsul və metodlarını öyrətmək, həmkarlar ittifaqı liderlərinin yeni nəslini yetişdirmək və bütün səviyyəli seçkili həmkarlar ittifaqları orqanlarında fəal iştiraklarını təmin etməkdən ibarətdir.

Həmkarlar ittifaqına üzvlüyün motivasiyasının yüksəldilməsi, həmkarlar ittifaqı təşkilatlarında gənclərin iş fəaliyyətinin canlandırılması, istedadlı gənclərin üzə çıxarılması və maraqlarının müdafiə edilməsi məqsədilə hər il müxtəlif proqramlar həyata keçirilir.

Son 10 il ərzində həmkarlar ittifaqlarının beynəlxalq əlaqələrinin coğrafiyası xeyli genişlənmişdir. Bu günə kimi AHİK 29 xarici ölkənin 34 həmkarlar ittifaqı mərkəzləri ilə birbaşa əlaqə yaratmış, 168 mərkəz ilə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvü kimi fəaliyyətlərini əlaqələndirmişdir. Gənc həmkarlar ittifaqı liderləri Beynəlxalq Əmək Təşkilatının və beynəlxalq həmkarlar ittifaqlarının tədbirlərində yaxından iştirak edirlər.

AHİK hər il Yaponiyanın Beynəlxalq Əmək Fondunda gənc işçilərin iştirakını, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Litvada yerləşən Gənclərin Yay məktəbinə getməsini, Böyük Britaniyada yerləşən Oksford Universitetində gənclərin təhsil keçməsini təşkil edir. Həmçinin İtaliyanın Turin şəhərində Ümumdünya Təlim Mərkəzində keçirilən kurslarda AHİK-in gənc nümayəndələri iştirak edirlər.

AHİK və Pan Avropa Regional Şurasının dəstəyi ilə hər il Bakı şəhərində keçirilən beynəlxalq konfranslar artıq ənənə halını alıb. Bu konfranslar gənclərimizin həmkarlar ittifaqına olan marağının artmasına, digər ölkələrin həmkarlar ittifaqı mərkəzlərinin gənclərlə əlaqəli apardığı işlər haqqında məlumat əldə etməyə və qarşılıqlı fikir mübadiləsi aparmağa kömək etmişdir.

Beynəlxalq tədbirlərdə iştirak, əldə olunan təcrübələr həmkarlar ittifaqlarında çalışan gənclərin fəaliyyətlərinə öz təsirini göstərməkdədir.

Həmkarlar ittifaqı hərəkatında topladıqları təcrübə gənclərimizin cəmiyyətimizin ictimai, siyasi və iqtisadi həyatında da fəal qüvvəyə çevrilməsinə güclü səbəb olur.

Xüsusilə son illər dövlət, hökumət və digər strukturlarda gənc kadrların rəhbər vəzifələrə irəli çəkilməsi və bu vəzifələrdə özlərini doğrultması da bunu sübut edir.

 

 Tural SÜLEYMANOV,

AHİK-in Gənclər Şurasının sədri