Təşkilatımız çalışanlara yardım üçün əlindən gələni əsirgəməyəcək


Baxıldı : 1338

Tarix : 2019-03-15 16:31:10


Braziliyanın San Bernardo  bölgəsində yerləşən “Ford” şirkətinə məxsus fabrikin rəhbərlik tərəfindən bağlanma qərarının alınması işçilərin etirazına səbəb olub. İndustriALL Qlobal İttifaqı, Milli Metal İşçiləri Federasiyası və “Ford” rəhbərliyi arasında danışıqlar heç bir nəticə vermədiyi üçün Federasiya tətil keçirməyə qərar verib.  “Ford” şirkəti fabrikin bağlanmasına səbəb kimi, yenidənqurma siyasəti, Cənubi Amerikada yük maşınlarının istehsalı və satışını dayandırma qərarı aldığını qeyd edib.

Fabrikin bağlanması  1700  işçiyə təsir edəcək. Milli Metal İşçiləri Federasiyasının lideri Vaqner Santana  bütün üzvlərini mübarizəyə səsləyib. O, açıqlamasında “Ford” rəhbərliyinin qərarını dəyişmək üçün əzmlə mübarizə aparmalı olduqlarını deyib.  Santana tətilin davam edəcəyi müddətdə, mart ayının 3-cü həftəsi Ford rəhbərliyi ilə danışıqlar üçün bir araya gələcəkləri haqda məlumat verib. Federasiyanın tətil qərarı bir neçə qeyri-hökumət təşkilatı şəhər bələdiyyəsi və digər hökumət nümayəndələri tərəfindən dəstəklənib.

İndustriALL-ın baş katibi Valter Sançez deyib ki, “Ford” şirkəti  fabrikin bağlanması ilə bağlı qərarını yenidən düşünməli, bazarda rəqabətə davam gətirmək üçün strategiyasını təkrar gözdən keçirməlidir: “İşçilərin başlatdıqları haqlı mübarizədə təşkilatımız onları dəstəkləyir. İndustriALL işlərini itirmək təhlükəsi ilə üzləşən dünyadakı bütün “Ford” çalışanlarına yardım üçün əlindən gələni edəcək”.

Cavid SƏFƏROV