“Təşkilatımız zəngin təcrübəyə malikdir”


Baxıldı : 186

Tarix : 2017-12-08 19:44:46


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dekabrın 8-də keçirilmiş II plenumunda bu qurumun XVIII konfransının yekun nəticələri və nəticələrdən irəli gələn Tədbirlər Planının hazırlanması və təsdiqi haqqında məsələyə baxıldı. Sonra AHİK-in V qurultayına 50 nəfər nümayəndənin, Məclisinə 5 nəfər (Cəmilə Səttarova, Nadir Əliyev, Rafiq Kaşanlı, Qalib Qəribov, Əli Quliyev), İcraiyyə Komitəsinə 1 nəfər (Cəmilə Səttarova) üzvlüyə namizədin siyahısı təqdim və təsdiq olundu.

Tədbirdə Respublika Komitəsinin sədri Cəmilə Səttarova giriş və yekun sözü söylədi. O, təşkilatın sıralarının daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı. Dedi ki, bunun üçün hər cür imkanımız var. Təşkilatımız zəngin təcrübəyə malikdir. Sahə işçiləri arasında böyük nüfuz qazanıb.

İttifaqımızda birləşən təşkilatların 95 faizində rəhbərliklə həmkarlar ittifaqı komitəsi arasında kollektiv müqavilə bağlanıb. Kollektiv müqavilələrdə işçilərin əmək, sosial, istirahət hüquqları geniş şəkildə öz əksini tapıb. Bu yaxşı nümunələr təbliğ olunmalı, stimullaşdırıcı amillərdən istifadə edilməlidir.

Respublika Komitəsinin Rəyasət Heyətində, eləcə də yerli təşkilatların komitə iclaslarında 2018-2022-ci illər üzrə əsas istiqamətlərin yerinə yetirilməsi vəziyyətinin müntəzəm müzakirəsini aparmalı, müvafiq qərarlar qəbul etməlidir.

Qurultay nümayəndələrinin, AHİK-in Məclisinə, İcraiyyə Komitəsinə seçilən əməkdaşların missiyasına toxunan Cəmilə xanım bildirdi ki, onlardan fəal fəaliyyət gözləyirik. Sahənin, bütövlükdə həmkarlar ittifaqı hərəkatının problemlərini öyrənməli, təhlil etməli və çıxışlarında diqqətə çatdırmalıdır.

C.Səttarova çıxışının sonunda sahə işçiləri həmkarlar ittifaqı əməkdaşlarına növbəti ildə də uğurlar arzuladı. Əmin olduğunu bildirdi ki, MİHİ bundan sonra da Azərbaycan həmkarlar ittifaqı hərəkatında öz qabaqcıl mövqeyini qoruyub saxlayacaq.