Təşkilatımızın nüfuzu hər bir işçi üçün sipərdir


Baxıldı : 27

Tarix : 2018-01-12 22:53:16


“Həmkarlar ittifaqı üzvləri ilə möhkəm əlaqələrin qurulması, çətinliyə düşmüş həmkarlar ittifaqı üzvünə kömək əli uzatmaq hər bir həmkarlar ittifaqı təşkilatına ən azı nüfuzunun artması üçün vacibdir”

AHİK-in IV qurultayına

hesabat məruzəsindən

 

İşlərindən söhbət açacağımız təşkilat çətin günlər yaşayıb. Neçə illər xarici sərmayəçi sayılan “Baltika” MMC (indi “Karlzberq”  adlanır) ilə müəssisənin həmkarlar ittifaqı arasında, demək olar ki, “ölüm-dirim” mübarizəsi gedib. Dəfələrlə təşkilatı ləğv etmək, kütləvi ixtisarlar aparmaq cəhdləri olub. Bu haqda qəzetimizdə də bir neçə dəfə yazılar çap olunub. Lakin təşkilatın əzmkarlığı, çətinliyə düşən işçilərlə birlikdə olmağı müəssisə sahiblərinə düşündüklərini həyata keçirməyə imkan verməyib.

“Bütün bu çətinlikləri təşkilat üzvlərimizin səyi nəticəsində aradan qaldıra bildik”, - deyə komitənin sədri Tural Niftəliyev bildirdi: “Cəmi 160 nəfər üzvümüz var. Onların heç biri həmkarlar ittifaqı komitəsinin həyata keçirdiyi tədbirlərdən kənarda qalmayıb. Onu da qeyd edim ki, işçilərimizin maaşı yüksəkdir. Çalışırıq ki, həmkarlar ittifaqının icazəsi olmadan bir nəfəri belə işdən kənarlaşdıra bilməsinlər. İşə çox ciddi münasibət var. Kollektiv müqavilədə bütün bunlar nəzərə alınıb. Onu da deyim ki, müəssisənin rəhbərliyində stabillik yoxdur. Son illər 4 dəfə dəyişdirilib.

Hər gələn də müxtəlif fikirli insanlar olur. Lakin təşkilatımızın əzmkarlığı bizə qarşı planları həyata keçirməyə imkan vermir. Xeyli məhkəmə çəkişmələrində sonda biz qələbə çaldıq. Müəssisədən uzaqlaşdırılmış Meydanəli Nəzərova 27 min, Gülnarə Məmmədovaya 6 min manat kompensasiya ödənilərək öz işlərinə qaytarıldılar. Ümumiyyətlə, çalışırıq ki, hətta işdən getmək istəyən olsa, onlara qanuni tələb olunan əlavə ödənişlərin verilməsi təmin edilsin. Şəhid ailələrinə, ehtiyacı olanlara hər cür yardım göstərilir. Hər bir çətinliyimizdə “Xidmət-İş” Həmkarlar ittifaqları Federasiyası bizə yardımçı olub.

Əhəd İBADOV