Təşkilatın əsas funksiyası əməkdaşların sosial hüquqlarının qorunması olmuşdur


Baxıldı : 45

Tarix : 2018-02-03 23:19:07


“Ötən dövrün aktual problemlərindən biri də həmkarlar ittifaqının cəlbediciliyini artırmaq, həmkarlar ittifaqı üzvlüyünün motivasiyasını gücləndirmək olmuşdur”

 AHİK-in IV qurultayına

hesabat məruzəsindən

 

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı (AMEA AHİ) və onun ilk təşkilatlarında Akademiya əməkdaşlarının sosial-iqtisadi hüquqlarının qorunması məsələsi təşkilatın əsas funksiyasını əhatə etmişdir. Əməkdaşların əməkhaqlarının artırılması, sosial, iqtisadi vəziyyətinin yaxşılaşdırılması, maddi rifah halının günün tələblərinə uyğun səviyyəyə qaldırılması, iş şəraiti və mənzil şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində olmuşdur. 2013-2017-ci illərdə Akademiyanın əməkdaşlarından 10050 nəfərə AHİ və ilk təşkilatlar tərəfindən maddi yardım verilmişdir. AHİ-nin maliyyə dəstəyi ilə Akademiyanın əmək veteranlarından 30 nəfərinin hər biri 50 manat maddi yardım almış, pulsuz yemək talonundan və pulsuz sanator-kurort yollayışlarından faydalanmışdır. AMEA-nın prezidentinin sərəncamı, AHİK-in maliyyə dəstəyi ilə 28 May-Respublika Günü münasibətilə keçirilən QRANT müsabiqəsində qalib gələn 21 nəfər gənc alim mükafatlandırılmışdır. Bundan başqa, AHİK tərəfindən əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə Akademiyanın Fizika İnstitutunun 1 əməkdaşı 2015-ci ilin “Peşəkar gənci” Fəxri Diplomuna və 1 əməkdaşı “İlin peşəkar gənci” döş nişanına layiq görülmüşdür.

Akademiyanın nəzdində olan düşərgələrdə 60 nəfər elmi işçinin övladı istirahət edib. Qeyd etmək lazımdır ki, 5 il ərzində 3200 sanator-kurort yollayışı alınıb və ilk təşkilatlara paylanıb. Eyni zamanda ilk təşkilatın təşkil etdiyi tur səfərləri də xüsusi əhəmiyyət kəsb edib.

Sevindirici haldır ki, 61 nəfər bu elm ocağının əməkdaşı keçən il mənzillə təmin edildi. Hazırda Abşeron rayonunun “Saray” qəsəbəsində akademiyanın əməkdaşları üçün yaşayış kompleksinin salınması məqsədilə işlər görülür. Ümid edirik ki, ehtiyacı olan əməkdaşların mənzil problemi həll olunacaqdır. Həmçinin, ilk təşkilatlarımızda həmkarlar üzvlüyünün motivasiyasını gücləndirmək məqsədilə müxtəlif seminarlar keçirilib.

Bəyalı RZAYEV