Təşkilatın yeni  tələbləri  ictimaiyyətə çatdırılıb


Baxıldı : 310

Tarix : 2019-04-05 18:28:10


İrlandiyada Tibb Bacılarının Həmkarlar İttifaqı Təşkilatı  çalışanların əmək standartlarının yüksəldilməsi üçün tətil keçirilməsi barədə səsvermə keçirir. İttifaqın  baş katibi Pil Ni Şeaqdha tətil komissiyası  və tətilin detalları barədə brifinq verib. O  qeyd edib ki, imzalanan əmək müqaviləsinin yenidən işlənilməsi və tələblərin qəbulu üçün iki seçim var idi. Ya sosial mediada məsələ ictimaiyyətə çatdırılmalı, ya da tətil təşkil edilməli idi. Səsvermə ilə tətilin keçirilməsinə qərar verildi.

Təşkilat bu ilin əvvəllərində  maaşların artırılması ilə bağlı 3 günlük tətil keçirilməsi planlanmış, tələblər danışıqlar yolu ilə öz həllini tapmışdı.

Tibb Bacılarının Həmkarlar İttifaqı Təşkilatının rəsmi facebook səhifəsində yer alan açıqlamada qeyd edilib ki, tibb bacılarının iş yükünün çoxluğu bu sahəni seçənlərin azalmasına  və  xaricdə özünə iş imkanları axtarmasına səbəb olur,  belə davam edərsə bir müddət sonra xəstəxanalarda təcrübəçilərdən başqa çalışan qalmayacaq.

Təşkilat yeni tətillə bağlı tələblərini də yayımlayıb.

Bildirilir ki:

- 4, 6 və 8 saatlıq iş növbələri tətbiq edilməli,

- növbənin pozulmamasına, həmçinin həftəlik iş yükünün normadan çox olmamasına diqqət edilməli,

- çalışanlarla razılaşdırılaraq  növbə siyahısı qurulmalı və əməl olunmalıdır.

Sənəddə həmçinin maaş və tibb bacıları üçün dövlətin ayırdığı büdcə ilə bağlı da təkliflər öz əksini tapıb.