Təşviqat tədbirləri geniş ölçüdə aparılmalıdır


Baxıldı : 28

Tarix : 2018-11-08 06:53:44


“Qeyri-rəsmi məşğulluq gələcəkdə dövlət üçün müəyyən problemlər yarada bilər”. Bunu müxbirimizə müsahibəsində müstəqil ekspert İlkin Nəzərov deyib. O bildirib ki, bu sahədə çalışan insanlar əmək bazarına gətirilməsə, rəsmiləşdirilməsə gələcəkdə hökumətin sosial yükü artacaq. 

 

-İlkin müəllim qeyri-rəsmi məşğulluğun hansı fəsadları var?

-Məlumdur ki, bu gün əmək bazarında 4,8 milyon insan çalışır, onun 1,5 milyondan bir qədər çoxu rəsmi müqavilə əsasında işləyir, müəyyən ödənişlər edir. Bir hissəsi xidməti müqavilə ilə işləyir, onlar tərəfindən də müəyyən sosial müdafiə ödəmələri aparılır. Lakin yerdə qalan hissə dövlətə öz sosial müdafiələrinin təmin edilməsi üçün heç bir ödəniş həyata keçirmir. Bu isə gələcəkdə bəzi problemlərin yaranmasına səbəb olacaq. Məsələn, müəyyən dövrdən sonra bu insanlar pensiya yaşına çatdıqda sosial ödəniş etmədikləri üçün pensiya ala bilməyəcəklər. Belə olan təqdirdə hökumət tərəfindən onlara müavinət təyin edilməlidir. Bu, qanunvericilikdə də öz əksini tapıb. Deməli, bununla da dövlətin sosial yükü artır, həm də ki, kütləvi şəkildə.

-Rəsmi məşğulluğa keçid necə təşviq olunmalıdır?

-Rəsmi məşğulluğa keçid üçün, beynəlxalq təcrübədə olduğu kimi, nəzarət və stimullaşdırıcı tədbirlər həyata keçirilir. Adətən təcrübələr göstərir ki, stimullaşdırıcı tədbirlərin effekti daha böyükdür. Həm də ki, nə qədər nəzarət metodları tətbiq edilsə də insanlar dolayısı ilə bunun əksini fikirləşirlər. Ona görə hazırkı şərtlər dəyişilməlidir. Daha çox nəzarət edilsə, bunun effekti olmayacaq. O vaxt əhəmiyyətli olar ki, həm nəzarət gücləndirilir, həm də buna uyğun stimullaşdırıcı tədbirlər həyata keçirilir. Məsələn, vergi güzəştləri verilir, tibbi sığorta ilə bağlı müəyyən dəstək göstərilir  və sairə. Bunun da əhaliyə düzgün çatdırılması lazımdır, çünki insanlarda çox böyük inamsızlıq mövcuddur. İnamsızlığın da obyektiv və subyektiv səbəbləri var. Təşviqat tədbirləri geniş ölçüdə aparılmalıdır. Bunun üçün imkanlar (həm televiziya, həm qəzetlər, həm də digər informasiya vasitələri ilə təşviq etmək olar) var. Bu kimi məsələlər, onun üstünlükləri bir sıra Avropa ölkələrində, Türkiyədə də teleefir vasitəsilə əhaliyə çatdırılır. Eyni zamanda günümüzdə məşhurlaşan sosial şəbəkələr vasitəsilə də bu mümkündür. Mobil telefonlara məlumatların ötürülməsi və digər formaları da bura aid etmək olar. Təbii olaraq, bu prosesdə dövlətin rolu böyük olmalıdır, amma bütün məsələlər bir quruma həvalə edilməməlidir. Dövlətin bütün resursları cəlb olunmalıdır ki, onlar daha çox əhali kütləsinə, işəgötürənlərə çıxış əldə etsinlər. Həmkarlar ittifaqları geniş şəbəkəyə malikdir, onlar bu işdə aparıcı ola bilərlər. Adətən belə təşviqat işlərində həmkarlar ittifaqları öndə olur. İnsanların rəsmi məşğulluğa cəlbi həmkarlar ittifaqlarının sıralarını da genişləndirir.

Müsahibəni apardı: Azər MUSTAFAYEV