Texnoparklar üçün yeni güzəştlər


Baxıldı : 192

Tarix : 2016-06-03 05:35:00


Sənaye texnoparklarında çalışan iş adamları bundan sonra vergi ilə yanaşı, gömrük rüsumlarını və sosial sığorta ödənişlərini də ödəməkdən azad olunacaqlar. Dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, texnoparkların rezidentləri 5 il müddətinə gömrük rüsumlarından və sosial sığorta ödənişlərindən azad ediliblər. Sumqayıt texnoparkının direktor müavini Zaur Məmmədovun sözlərinə görə, bu güzəştlər sənaye zonalarına yerli və xarici sərmayəçilərin marağının artmasına, investisiya qoyuluşlarının yüksəlməsinə səbəb olacaq. Hazırda Azərbaycanda sənaye parklarına Türkiyə, Kanada, Cənubi Koreya, Çin, Avstriya, Almaniya, Malayziya, Fransa, İtaliya və Yaponiyadan olan şirkətlər tərəfindən 20-dən artıq investisiya təklifi daxil olduğunu deyən mütəxəssisin sözlərinə görə, yeni dəyişikliklər iqtisadiyyatın inkişafına töhfə verəcək, layihələrin miqyasının artmasına, bu sahəyə investorların cəlb olunmasına, yeni iş yerlərinin yaradılmasına və son nəticədə məşğul əhalinin sayının artımı fonunda insanların sosial rifahının yaxşılaşmasına zəmin yaradacaq. Yeni vergi-gömrük-sosial sığorta rejimi, həmçinin texnoparklarda yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının və ixracının güclənməsinə də imkan verəcək. Qeyd olunduğuna görə, yaxın 2 il ərzində Sumqayıt Sənaye Parkının ərazisində 35-40 şirkətin fəaliyyət göstərməsi mümkün olacaq. Texnoparka cəlb olunan şirkətlərin iştirakı ilə yeni istehsal sahələrinin yaradılması 2018-ci ilədək davam edəcək, nəticədə bu tədbirlər texnoparkın istehsal coğrafiyasının genişlənməsinə, sənayenin bütün sahələri üzrə məhsul istehsalına imkan verəcək, sənayeləşmənin şaxələnməsini təmin edəcək. Burada qablaşdırma sənayesi, tikinti, energetika, kənd təsərrüfatı üçün gübrə və kimya məhsulları, eləcə də avtomobil istehsalı sahələri prioritetlərdəndir. Nəzərdə tutulan layihələrin peallaşması sayəsində 2017-2018-ci illərdə texnoparkda 10-12 min yeni iş yerinin açılması gözlənilir.ELBRUS