Tibb çantasının olmamasına görə kim məsuliyyət daşımalıdır?


Baxıldı : 39

Tarix : 2018-07-28 04:46:32


Bir neçə gün öncə paytaxt avtobuslarının birində şərnişinin ürəyi getdi və avtobusda tibb çantalarının olmaması səbəbindən həmin şəxs sürücü və sərnişinlər tərəfindən, çətinliklə olsa da, ayıldıldı.

Hadisə kondisionerin olmadığı və ya işə salınmadığı avtobusların birində baş vermişdi. Bu hadisə bir daha sərnişin daşıyan ictimai nəqliyyat vasitələrində, xüsusilə yay aylarında, kondisionerin və tibb çantasının olmasının nə qədər əhəmiyyət daşıdığını ortaya qoyur.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov qəzetimizə verdiyi müsahibəsində dedi ki, İnzibati Xətalar Məcəlləsində də nəzərdə tutulduğu kimi, istənilən halda sərnişindaşıma xidmətlərini həyata keçirən nəqliyyat vasitələrində tibb çantası olmalıdır: “Bu, birmənalı şəkildə qanunun tələbidir. Tibb çantaları nəqliyyat vasitələrində xüsusi qeyd olunmuş və işarələnmiş yerlərdə olmalıdır. Nəqliyyat vasitələrində olan tibb çantalarında qəfil xəstəliklərlə bağlı, xüsusən də ürək və qan təzyiqinin aşağı və yaxud da yuxarı olması hallarında tətbiq edilən dərman preparatları yerləşdirilməlidir. Nəqliyyat vasitələrində yol-nəqliyyat qəzası baş verə bilər. Bu zaman yaralananlara ilk tibbi yardım göstərilməsi üçün sürücülər xüsusi kurslar keçib təlimlər almalıdırlar”.

Ekspert bildirdi ki, həmin tibb çantalarında ilk tibbi yardım üçün yod, naşatır spirti, pambıq, bint, qayçı, təzyiq və ürək dərmanları olmalıdır: “Əgər bu vasitələr ictimai nəqliyyatda yoxdursa, o zaman xüsusi hallarda ilk yardım göstərməyə tibbi vasitələr olmadığı üçün sərnişindaşımanı həyata keçirən şirkət və sürücü məsuliyyət daşımalıdır. Yaxşı olar ki, tək dövlət yol polisi yox, eyni zamanda Bakı Nəqliyyat Agentliyi (BNA) də bu məsələyə nəzarət etsin”.

A.Allahverənov dedi ki, bəzi köhnə avtobuslarda kondisioner yoxdur. BNA artıq bu məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirib. Xüsusilə də həmin avtobus şirkətləri qarşısında bu məsələni bir öhdəlik olaraq qoyub.

“BakuBus” MMC-dən əldə etdiyimiz məlumata görə, şirkətə məxsus bütün avtobuslarda sürücü kabinəsində, xüsusi olaraq ayrılmış hissədə, qəza və ya fövqəladə hadisələr üçün nəzərdə tutulmuş ilk tibbi yardım çantaları mövcuddur. Bu çantaların içərisində tibbi yardım üçün nəzərdə tutulmuş bütün vasitələr var və mütəmadi şəkildə yenilənir. Eyni zamanda sürücülərə işlə təmin olunmazdan əvvəl ilk tibbi yardım qaydalarını nəzəri və praktiki şəkildə öyrədilməsi üçün xüsusi kurslar təşkil olunur. Bundan başqa, həmin avtobuslarda şirkətin mütəxəssisləri tərəfindən hazırlanmış “Sürücünün yaddaş kitabçası” var ki, həmin kitabçada xüsusi qəza vəziyyətində zəruri tədbirlərin həyata keçirilməsi qaydaları və ilk tibbi yardım mərhələli şəkildə izah olunur.

Aliyə SƏMƏDOVA