Tibb elminə verdiyi töhfələrdən danışılıb


Baxıldı : 41

Tarix : 2018-05-12 04:12:44


Mayın 3-də Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə baş tutan tədbirin iştirakçıları öncə akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra ittifaqın sədri Mehman İsmayılov akademik Zərifə xanım Əliyevanın dəyərli həyat yolundan və tibb elminə verdiyi töhfələrdən danışmışdır. Qeyd etmişdir ki, Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

M.İsmayılov bildirmişdir ki, Azərbaycan tibb elminin, xüsusilə oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş etmiş, gözlərə işıq vermişdir.

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Adil Hacıyev Zərifə xanım Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını, gördüyü fundamental işlərin heç vaxt unudulmayacağını bildirmişdir.

Tədbir görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən filmin nümayişi ilə davam etmişdir.