“Tibbi sığorta haqqında” qanuna dəyişikliklər


Baxıldı : 402

Tarix : 2019-12-13 17:14:38


Milli Məclisin dekabrın 3-də keçirilmiş plenar iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər qəbul edilib.

Dəyişikliyə əsasən, icbari tibbi sığortanın xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olmayacaq. Zərf vahid toplu şəklində ambulator-poliklinika və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edəcək.

Qanuna görə, 2020-ci ilin yanvar ayının 1-dən etibarən, mərhələlərə bölünməklə, dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq.

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Bu isə o deməkdir ki, misal üçün, vətəndaş ayda 8500 manat əməkhaqqı alırsa 8000 manatın 2%-i, qalan 500 manatın isə 0.5%-i icbari tibbi sığorta haqqı olaraq hesablanacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. 2021-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2%-i, 8000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.

Həmçinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.

Qanuna əsasən, dövlət büdcəsi hesabına ödənilən icbari tibbi sığorta haqları, tütün məmulatları, alkoqollu və energetik içkilərə tətbiq edilən sığorta haqları istisna olmaqla, digər icbari tibbi sığorta haqlarının 2020-ci il aprelin 1-dən toplanılması nəzərdə tutulur.

2023-cü ildən etibarən isə, Qanunun 15-2.3.6-cı maddəsinə əsasən, müstəqil ödəyicilər üzrə təqvim ili üçün minimum aylıq əməkhaqqının 48%-i miqdarında icbari tibbi sığorta haqqı nəzərdə tutulub. Məsələn, hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250 manatdır. Həmin məbləğin 48%-i miqdarında - təqvim ili üçün 120 manat - icbari tibbi sığorta haqqı hesablanır.

Həmçinin Qanunda “Azadolma məbləği və gözləmə müddəti” maddəsi silinərək “Müştərək maliyyələşmə məbləği” maddəsi ilə əvəz olunub. Müştərək maliyyələşmə məbləği dedikdə, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsi nəzərdə tutulur. Müştərək maliyyələşmə məbləği xidmətlər zərfi ilə müəyyən olunur və tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə birbaşa ödənilir. Müştərək maliyyələşmə məbləğinin tətbiqinə də aprelin 1-dən başlanılacaq.

Qanuna əsasən, bütün əhali sığortaolunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaqda bərabər hüquqa malikdir. Qanunun əhatə dairəsinə gəldikdə isə qeyd edilməlidir ki, bu Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərə, cəzaçəkmə müəssisələrində (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) cəza çəkən şəxslərə, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla Miqrasiya Məcəlləsinə əsasən Respublikada müvəqqəti olan,  müvəqqəti və daimi yaşayan şəxslərə şamil edilmir.

İqtisadçı -ekspert Vüqar Bayramov bildirib ki, qanuna edilən dəyişikliyə görə, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə Agentlik tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci il ərzində mərhələli şəkildə tətbiq olunacaq.

Birinci mərhələdə şimal bölgəsində 20 rayonda, ikinci mərhələdə - aprel-iyun aylarında 17 regionda,  iyul-sentyabr aylarında, üçüncü mərhələdə 14 regionda icbari tibbi sığorta tətbiq olunacaq. Və nəhayət, dördüncü mərhələdə - oktyabr-dekabr aylarında - Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək.

Biz təklif edirdik ki, icbari tibbi sığortanın tətbiqi ilkin olaraq böyük şəhərlərdən birində, məsələn, Sumqayıtda həyata keçirilsəydi daha yaxşı olardı. Nəzərə alsaq ki, rayonlarda səhiyyə sistemində olan çətinliklər Bakıda, yaxud digər böyük şəhərlərdə olan çətinliklərlə eyni deyil. Pilot layihə olaraq iki il bundan əvvəl Mingəçevir və Yevlaxda həyata keçirilən layihə də buna misaldır.

Ümumən icbari tibbi sığortanın tətbiqi ilə bağlı mexanizm hazırdır.

V.Bayramov deyib ki, icbari tibbi sığortanın ödənişi ilə bağlı fərqli və diferensial yanaşma var. Sığorta ödənişləri neft, qeyri-neft, dövlət və qeyri-dövlət sektorları üzrə fərqləndirilib. 2020-ci ildə büdcədə təxminən 1 milyard manata yaxın vəsait icbarı tibbi sığortanın tətbiqi üçün ayrılacaq. Məşğul əhalidən, yəni işləyən insanlardan yığılan sığorta haqqının məbləğinin 333 milyon manat olacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, dövlətin töhfəsi məşğul əhalinin ödədiyi sosial haqlardan təxmini 3 dəfə çox olacaq.  Praktiki bu ondan xəbər verir ki, dövlətin sosial məsuliyyəti və sosial yükü icbari tibbi sığortada daha yüksək olacaq. Eyni zamanda bu da birbaşa onunla bağlıdır ki, dövlət icbari tibbi sığorta zamanı bir qrup vətəndaşın icbari tibbi sığorta haqlarını öz üzərinə götürəcək. Bunlar 18 yaşınadək olan uşaqlar (uşaqların icbari tibbi sığorta haqları dövlət tərəfindən ödəniləcək), əlillər, işləməyən pensiyaçılar, eyni zamanda hamilə qadınlar, aztəminatlı ailələr (sosial təminat proqramlarından və ünvanlı sosial yardım alan insanlar) və işsizlik statusu almış vətəndaşlardır.  Göründüyü kimi, kifayət qədər böyük kateqoriya insanlar icbari tibbi sığortadan pulsuz yararlanmaq imkanı qazanacaq.  Eyni zamanda icbari tibbi sığorta dövlət üçün ciddi bir sosial öhdəlik müəyyənləşdirəcək.  Praktiki olaraq bu layihənin reallaşmasında büdcənin rolu və payı daha çox olacaq. Artıq 2020-ci ilin yanvarından işləyən vətəndaşlarımız icbari tibbi sığorta haqlarının ödənişini həyata keçirəcəklər, işləməyənlər, həmçinin tələbələr pulsuz icbari tibbi sığorta əldə etmək hüuqu qazanacaqlar. 

Azər MUSTAFAYEV