Tibbi sığortanın tətbiqi necə həyata keçiriləcək?


Baxıldı : 80

Tarix : 2019-03-04 04:31:24


Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələr üzrə islahatlar həyata keçirilir. Belə islahatlardan biri də İcbari Tibbi Sığortanın (İTS) tətbiqidir. Belə ki, 2020-ci ildə bütün ölkə üzrə icbari tibbi sığorta sistemi tətbiq ediləcək. Buna görə də 2019-cu il icbari tibbi sığortaya keçid üçün “hazırlıq ili” elan edilib və Prezidentin fərmanı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) yaradılıb.

Mövzu ilə bağlı suallarımızı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov  cavablandırdı. Müsahibəni təqdim edirik:

- İcbari tibbi sığorta sisteminə hansı xidmətlər daxil olacaq və şərtlər nələrdən ibarət olacaq?

- “Tibbi sığorta haqqında” qanuna edilən dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta çərçivəsində təminat verilən xidmətlər zərfi baza və əlavə hissələrdən ibarətdir. Baza hissəyə ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri daxildir və bu xidmətlərdən istifadə pulsuzdur. Baza hissəsi üzrə sığorta haqqı hər il adambaşına 29 manat müəyyən olunub və bu məbləğ dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir ki, bundan istifadə etmək üçün İTS haqqı ödənilməlidir.

Bildiyiniz kimi, hazırda Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında İTS pilot layihə çərçivəsində tətbiq edilir.Ümumilikdə pilot ərazilərdə 370 min nəfərdən çox qeydiyyatda olan əhali və məcburi köçkün İTS-nin  baza zərfindən ödənişsiz istifadə edir.

Onu da qeyd edək ki, hazırkı baza zərfi kifayət qədər genişdir və bura ümumilikdə 1829 adda tibbi xidmət daxildir. Onlardan 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərdir. Həmçinin layihə çərçivəsində 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək olan xidmətlərə də təminat verilir. Həmçinin baza zərfi ilə əhatə olunmayan 1186 adda tibbi xidmətin siyahısı və tarifləri də müəyyənləşdirilmişdir.

- İcbari tibbi sığorta sistemi təkcə əmək müqaviləsi ilə işləyənlərə şamil olunacaq, yoxsa bura xidməti müqavilə ilə işləyən şəxslər də daxildir?

-Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə İTS tətbiq olunacaq və sığorta haqqı illik 120 manat müəyyən ediləcək. Sığorta haqları həmin şəxslərin öz vəsaiti hesabına ödəniləcək.

- Sığorta haqqı işəgötürən tərəfindən ödəniləcək, ya işçilərin əməkhaqqından tutulacaq? Neçə faiz tutulacaq? Və minimum əməkhaqqı və ona yaxın məvacib alan vətəndaşların tibbi sığorta xərcləri necə hesablanacaq?

- Milli Məclis və Prezident tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə və əmək müqaviləsinə əsasən işləyən şəxslər üzrə hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi işəgötürən tərəfindən, işçinin əməkhaqqının aylıq 2 faizi isə işçi tərəfindən ödəniləcək.

- Əhalinin bir qrup sosial təbəqəsi var ki, misal üçün, pensiyaçılar, ünvanlı dövlət sosial yardım alan və sairə bu kimi şəxslərə İTS tətbiq olunacaqmı?

- Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Mülki Məcəlləyə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşınadək şəxslər, peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan ölkə vətəndaşları, “Əmək pensiyaları haqqında” qanuna əsasən, növündən asılı olmayaraq, əmək pensiyası alan şəxslər, “Sosial müavinətlər haqqında” qanuna əsasən, sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər, “Ünvanlı sosial yardım haqqında” qanuna uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə Əmək Məcəlləsinə əsasən, doğuşdan sonrakı dövr üçün məzuniyyətdə olan qadınlar və qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar üzrə illik 120 manat müəyyən edilir. Sığorta haqları yuxarıda qeyd olunan imtiyazlı təbəqələr üçün dövlət büdcəsi hesabına ödəniləcək.

Bu sistemin tətbiqinin səhiyyə sisteminin inkişafında nə kimi üstünlükləri olacaq?

- İTS-nin tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. İTS səhiyyənin maliyyələşməsinin yeni formasıdır və sistemin tətbiqi səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək. İTS-nin tətbiqi nəticəsində tibb müəssisələrinin idarə edilməsi təkmilləşəcək, onların fəaliyyətləri optimallaşdırılacaq, əhalinin tibbi xidmətlərə əlçatanlığı artacaq, səhiyyə müəssisələri, eləcə də tibb işçiləri arasında sağlam rəqabət mühiti yaranacaq.

İTS, həmçinin səhiyyə sistemi üçün əlavə gəlir mənbəyinin yaranmasına, səhiyyə resurslarını özündə cəmləşdirməklə xərclərin daha səmərəli istifadəsinə şərait yaradacaq.

Müsahibəni apardı:

Aliyə SƏMƏDOVA