Tikinti şirkətləri öhdəliklərə niyə əməl etmir?


Baxıldı : 238

Tarix : 2018-12-17 04:51:25


Son illər  ölkədə xeyli sayda yeni hündürmərtəbəli binalar inşa edilir. Bu binalardan rahat yaşayış ümidilə mənzil alan vətəndaşlar sonradan yaranmış problemlər səbəbindən  peşman olurlar. Alqı-satqı müqaviləsində hər növ kommunikasiya xidmətlərinin  təmini ilə bağlı öhdəlikləri öz üzərinə götürən tikinti şirkətlərinin əksəriyyəti  buna əməl etmirlər. Digər bir problem isə tam yaşayışlı binalarda, 8-10 il keçməsinə baxmayaraq, mənzillərə çıxarışların verilməməsidir.

Belə hallarda vətəndaşlar pozulmuş hüquqlarını necə qorumalıdır? Qeyd etdiyimiz problemlərin həlli istiqamətində hansı tədbirlər görülür?

“Tikinti şirkətləri fəaliyyətə başladıqda qanunvericilikdə müəyyən olunmuş sənədləşmələri qaydasında aparmır. Əmlak Məsələləri Dövlət Komitəsinə qədər qeydiyyatla bağlı müvafiq sənədləşmələr qaydasında aparılmalıdır ki, komitə həmin sənədləri əsas götürərək mənzilləri çıxarışla təmin etsin. Bu sahədə vətəndaşların hüquqlarının pozulması ilə bərabər, il ərzində dövlət büdcəsindən 50 milyon manata yaxın vəsait yayındırılır “. Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirdi: “ Binaların qazlaşdırılması və digər kommunal xidmətlərin təminatında özbaşınalığa yol verilməsi hallarının da  kökündə tikinti şirkətləri ilə yanaşı, onlara bilavasitə dövlət  nəzarətini həyata  keçirən, yaranmış vəziyyətə vaxtında reaksiya verməyən müvafiq dövlət qurumları durur. Biz burada günahkar axtarmaq niyyətində deyilik. Məsələnin həlli yollarına baxmaq lazımdır”.

R.Osmanlı dedi ki, son illərdə Prezident İlham Əliyev mənzil idarəçiliyi ilə bağlı, bilavasitə Mənzil Məcəlləsinin icrasına yönəlmiş bir neçə fərman imzalamışdır. Bu sənədlərdə qeyd olunur ki, Mənzil Tikinti Kooperativləri (MTK) binanı tikib təhvil verdikdən sonra ən geci 6 ay müddətində idarəetməni sakinlərin ixtiyarına buraxmalıdır. Sakinlər  Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradaraq idarəetmə formasını özləri seçməlidirlər.

Hesab edirəm ki, bu sahədə kifayət qədər qanun qəbul olunub, onların tətbiqi həm qeydiyyata alma mərhələsində dövlət büdcəsinə xeyli miqdarda vəsaitin daxil olunmasına, həm də qazlaşdırma və digər kommunal təchizatlar zamanı problemlərin aradan qaldırılmasına gətirib çıxaracaq.

Bu günlərdə, sevindirici haldır ki, Vergilər Nazirliyi də bununla bağlı rəsmi şəkildə öz mövqeyini açıqladı. Qeyd olundu ki, birinci növbədə qeydiyyat məsələsi həll olunmalıdır. Daha sonra aparılan əməliyyatlar zamanı yaranan vergi öhdəlikləri dövlət büdcəsinə ödənilməlidir. İnanıram ki, Vergilər Nazirliyinin bu mövqeyindən sonra, kütləvi informasiya vasitələrinin və ictimaiyyət nümayəndələrinin  də məsələyə çox ciddi yanaşması nəticəsində problemin həlli istiqamətində müəyyən addımlar atılacaq.

Məsələ ilə bağlı hüquqşünas Sevil Zeynalova isə bildirdi ki, tikinti şirkəti birmənalı olaraq müqavilədə qeyd etdiyi vaxtda və göstərilən qaydada  təhvil verməlidir. Əgər şirkət bunu etmirsə artıq məsuliyyət daşıyır. Bu zaman sakinlər məhkəməyə müraciət edib, haqlarını tələb edə bilərlər. Bu halda birinci növbədə vətəndaş şikayətini  MTK rəhbərliyinə rəsmi şəkildə bildirməlidir. Çünki şirkət rəsmisinin cavabı və ya cavab verilməmişsə vətəndaşın qeyd edilən müraciəti  Mülki Prosesual Məcəllənin 149.2.4 və 150.0.7 maddələrinə əsasən, iddia ərizəsinə əlavə edilməlidir.

Əsli TELMANQIZI