“Tikintidə təhlükəsizlik məsələləri biznes və insan hüquqları kontekstində”


Baxıldı : 207

Tarix : 2018-07-13 18:51:22


İyunun 29-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) yanında Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun “Tikintidə təhlükəsizlik məsələləri biznes və insan hüquqları kontekstində” mövzusunda toplantı keçirilmişdir. Toplantıda Ombudsman Elmira Süleymanova giriş sözü söyləmişdir. Sonra tikintidə təhlükəsizliyin təmin olunması problemləri, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində tikinti norma və qaydalarının tələblərinə əməl edilməsi, təbii və texnogen qəzalar nəticəsində zərər  çəkmiş ərazilərdə, bina və qurğularda bərpa və yenidənqurma işlərinin təşkili, o cümlədən tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması və əməyin mühafizəsi məsələləri mövzusunda məruzələr dinlənilmişdir.  Məruzə ilə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının məsul işçiləri çıxış etmişlər.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov da çıxış edərək gündəlikdə duran məsələlərə münasibət bildirmiş, bir sıra təkliflər irəli sürmüşdür. Cavanşir müəllim demişdir ki, bu gün müzakirəsinə yığışdığımız mövzu həmkarlar ittifaqlarının gündəlik fəaliyyətinin tərkib hissəsidir. Bu məsələlər daim diqqətimizdədir. Əlaqədar strukturlarımız bilavasitə istehsalatda yoxlamalar aparır, baxışlar keçirir, müayinə və təhlillər aparır. Təhlillərin nəticələri Üçtərəfli Komissiyanın iclaslarına çıxarılır. Daha qlobal problemləri tərəfdaşlarımızla birlikdə həll etmək istiqamətində işlər görülür.

Bəyalı RZAYEV