Ətin qiymətində bahalaşma var


Baxıldı : 236

Tarix : 2015-12-19 05:08:00


Bayram yaxınlaşdıqca bir sıra malların qiymətində bahalaşma müşahidə olunur. Artıq əksər ərzaq məhsullarının qiymətində artım var. Daha çox nəzərə çarpan isə ətin qiymətində olan artımdır. Bir müddət əvvəl qiymətində ucuzlaşma olan ət yenidən bahalaşıb. Ötən ay 1 kiloqramı 6.5 manata belə təklif edilən mal əti indi şəhər ətrafındakı ət kəsimi yerlərində 7-8 manata, paytaxtın mərkəzində isə 8-9 manata satılır. Mal əti ilə yanaşı, qoyun ətinin qiymətində də artım var. Belə ki, noyabrda qoyun ətinin 1 kiloqramı ət kəsimi yerlərində alıcılara 8 manata təklif olunurdusa, hazırda bu qiymət 10-10.5 manatadək bahalaşıb. Satıcılar isə bahalaşmanın bayramla bağlı olmadığını deyir. Binəqədi rayonu ərazisində ət kəsimi ilə məşğul olan Səlim Mehdiyev deyir ki, onlar rayonlardan heyvanları əvvəlkindən baha qiymətə alırlar: \ Biz qoyunu da, malı da hər həftə Bərdə rayonundan alıb gətiririk. Əvvəlki aylarda heyvanı ucuz aldığımıza görə əti də ucuz satırdıq. Ötən həftədən isə rayonlarda da diri heyvanların qiymətləri bahalaşıb\ .Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murtuzəli Hacıyev isə deyir ki, qiymətlərlə bağlı hər həftə ət kəsimi yerlərində və bazarlarda monitorinqlər aparılır.Xalid AZƏR