Tonqal yeni həyatın, baharın gəlişinin rəmzidir


Baxıldı : 581

Tarix : 2016-02-27 04:31:00


Getdikcə havalar isinir, baharın nəfəsi hər gün daha çox hiss olunmağa başlayır. Yazın müjdəçisi olan Novruzun ikinci çərşənbəsi - Od çərşənbəsi yaxınlaşır. Xalq arasında bu çərşənbəyə bəzən Üskü çərşənbə, Addı çərşənbə də deyilir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. İnanclara görə, tonqal yeni həyatın, baharın gəlişinin rəmzidir.Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Zərdüşt görüşlərindən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, oxşasalar təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər. Kənd yerlərində bütün insanları Od çərşənbəsinin yaxınlaşması ilə bağlı agah etmək üçün dağların başında tonqallar qalanarmış. İnsanlar öz həyətlərində, evlərinin qarşısında və məhəllələrində tonqal qalamaq üçün əllərinə taxtadan məşəllər alır, böyük tonqalın yanına gedərək oradan alov götürürdülər. Sonra həmin alovu tonqal qalayacaqları yerə gətirib onu yandırırdılar. Müasir dovrdə də çərşənbə axşamı hər kəs öz həyətində tonqal qalamaqla çərşənbə adət-ənənələrini davam etdirir. Adət-ənənəyə görə, Od çərşənbəsində tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün xəstəlikləri, pislikləri və azar-bezarları odda yandırırlar.Bu çərşənbədə odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edirlər. Odla bağlı olan bir çox xalq deyimləri-inanclar, atalar sözləri, andlar, alqışlar bu günə kimi qalmaqdadır. Məsələn: od inamdandır; odla oynayan odsuz qalar; odu söyən qara günə qalar; ocaq dağıdanın ocağı dağılar; ocaq yanında səslənirsə, demək, kimsə sözünü danışır; od haqqı!; ocağın qaralmasın! və sair. Od çərşənbəsində də imkan dərəcəsində hər kəsin evində istilik verən yeməklər bişirilməli, süfrə açılmalı, xonça bəzənməli, şamlar yandırılmalıdır. Cavid SƏFƏROV