Torpağı becərməyənlər cəzalandırılacaq


Baxıldı : 202

Tarix : 2016-04-08 04:31:00


Milli Məclis yaxın günlərdə \ Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında\ qanun layihəsini plenar iclasda qəbul edəcək. Bununla da torpaqdan istifadə edilməməsinə və digər hallara görə cəzalar tətbiq olunacaq. Parlamentin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovun sözlərinə görə, layihəyə əsasən, torpaq hüquqpozmalarına qarşı cəzalar sərtləşdirilib. Belə ki, Məcəllənin tələblərini pozmuş şəxslər Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar. Qanunsuz zəbt edilən torpaqlar dövriyyəyə cəlb olunacaq, onları indiyədək öz şəxsi məqsədləri üçün istifadə edənlər cərimələnəcək.E.İbrahimov bildirib ki, uzun müddət torpaq bazarının vəziyyətini təhlil etdikdən sonra bu addımı atmaq qərarına gəlib. Monitorinqlər zamanı məlum olub ki, kənd təsərrüfatı məqsədilə verilmiş torpaqlardan daha çox daşınmaz əmlak məqsədləri üçün istifadə olunur. Eyni zamanda bəzi mülkiyyətçilər ondan investisiya məqsədilə, yəni alqı-satqı vasitəsi kimi istifadə edib. Pay torpaqlarının digərlərinə satılması, ticarət və iaşə obyektinin tikintisi üçün verilməsi halları da bunu təsdiq edir. Nəticədə torpaqlar istehsal üçün deyil, istehlak üçün istifadə olunub. Bu isə son nəticədə kənd təsərrüfatı torpaqlarının iqtisadiyyat üçün səmərəsiz qalması ilə yanaşı, bəzi hallarda qiymət artımına səbəb olur. Məhz bu məqsədlə torpaqdan istifadəyə nəzarət sərtləşdirilir.Dəyişikliklərdəki ən mühüm məqamlardan biri kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə mülkiyyət hüququ yarandıqdan sonra həmin torpaq sahələrinin ardıcıl iki il müddətində istifadəsiz qalmasına yol verən mülkiyyətçilərin məsuliyyəti ilə bağlıdır. Yeni qaydalar tətbiq edildikdən sonra yararlı kənd təsərrüfatı torpaqlarından istifadə etməyənlərə qarşı cərimələr sərtləşdiriləcək. Cərimələri ödəməyən torpaq sahiblərinin əmlakının müsadirə edilməsi nəzərdə tutulur. Digər hallarda qanunsuzluqlara görə Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.ELBRUS