Torpağın qarası üz ağardar\


Baxıldı : 274

Tarix : 2016-03-11 04:40:00


Havalar isinir, yazın isti nəfəsi hər yerdə hiss olunur. Baharın müjdəçiləri olan çərşənbələr bir-birini əvəz edir. Növbə sonuncu olan Torpaq çərşənbəsinə çatır. Bu çərşənbə öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha çox insanlar tərəfindən sevilir və seçilir. Torpaq çərşənbəsində inanclara görə torpaq oyanır, bununla da təbiətin oyanış prosesi tamamlanır. Yazın gəlişi ilə hər yerdə işgüzarlıq özünü göstərir. Yer şumlanır, toxum səpilir, həyət-baca səhmana salınır, evlərdə bayram təmizliyi aparılır.Torpaq çərşənbəsində süfrə ləziz təamlar, şirniyyat, meyvə və çərəzlərlə bəzədilir, plov dəmlənir, evlərdə xonça tutulur. Süfrəyə qoyulmuş səməni isə öz yaşıl görkəmi, belinə bağlanmış qırmızı lentlə daha çox diqqəti cəlb edir. Bu çərşənbə keçirilən mərasimlərlə də zəngindir. Həyətlərdə tonqal qalanır. Papaq atma, şal sallama adətləri icra olunur. Axır çərşənbədə yumurtanı qırmızı boyayar, yumurta döyüşərlər. Səhərertə çaydan çərşənbə suyu gətirib içər, qab-qacağı təmizləyər, evə çiləyərlər.Həmin gün göstərilən meydan tamaşaları, Qodu-qodu mərasimi, Kəndirbaz oyunları, xoruz döyüşməsi, güləş, Xan-vəzir oyunu, cıdır, zorxana yarışları izləyənlərə sevinc bəxş edir. Həmçinin Torpaq çərşənbəsində müxtəlif ayinlər qurulur, nəğmələr, bayatılar oxunur, insanlar qulaq falına çıxırlar. Xüsusən axır çərşənbə günü qadınlar, qızlar bir evə toplaşaraq fal mərasimlərini yerinə yetirirlər. Həmin gün evdə xoş sözlər danışmaq adət hesab olunur.Axır çərşənbədə təkcə ev-eşik yox, insanların qəlbi də təzələnər. Küsülülər barışar, hamı xoş sözlər deyər, bir-birinin könlünü alar. Torpaq çərşənbəsində yaşlılara, həmçinin qohum-əqrəbaya baş çəkilir, qəbirlər ziyarət olunur, ölülərə ehsan verilir.Qədimdən bu yana torpaqla bağlı el arasında müxtəlif deyimlər yaranıb: \ Torpağa göz ağardanda üz ağardar\ , \ Torpaqdan pay olmaz\ , \ Torpaq ovuclayan qızıl ovuclar\ , \ Torpaq deyər: sən mənə tər ver, mən sənə zər verim\ , \ Yel qulaqlı olar\ , \ Torpağın qarası üz ağardar\ , \ Torpaqla oynayan ac qalmaz\ , \ Torpağa xor baxsan, o, sənə kor baxar\ , \ Torpaq deyər: öldür məni, dirildim səni\ , \ Torpağı bir yerdən götürülüb\ . Axır çərşənbədə dörd ilahi başlanğıc birləşir. Suya, Oda, Yelə və Torpağa tapınan insan torpağın və torpaqdan xəlq olunanların oyanışına sevinir. Bu da göstərir ki, Novruz çərşənbələri bütün dinlərdən daha əvvəl yaranmış və formalaşmış inamların, əski dünyagörüşü və mifoloji təsəvvürlərin cəmidir.Cavid SƏFƏROV