Torpağımızın qədrini bilək


Baxıldı : 138

Tarix : 2017-03-10 22:46:53


Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev badamın valyuta gətirən bitki olduğunu vurğulayaraq demişdir: "Badam Azərbaycanda, əfsuslar ki, çox az istehsal edilir. Biz hətta özümüzü bu məhsulla təmin edə bilmirik. Cəmi 1000 hektar badam bağlarımız var. Onların da böyük əksəriyyəti Naxçıvan Muxtar Respublikasındadır. Halbuki Abşeron yarımadasında, Bakıətrafı qəsəbələrdə və digər bölgələrdə badamçılıq üçün çox münbit təbii iqlim var. Ona görə də bu istiqamətdə də işlər görülməlidir. Lazımi tədbirlər görülür, göstərişlər verilir, bu sahə də inkişaf edəcək".

Yəqin ki, yaşlı nəslin yaxşı yadındadır. Masazır gölünün kənarları, Pirşağı qəsəbəsi ilə Fatmayı kəndi arasında böyük sahələrdə göz oxşayan badam bağları vardı. Martın əvvəllərində çiçəkləyən bağlara baxanda sanki hər şey insanın yadından çıxardı. Kollektiv təsərrüfatlar dağılandan sonra bu bağların da viranə günləri başladı. Ağaclara qulluq yaddan çıxdı və nəhayət, bu bağlar ev tikmək istəyənlərə yerli icra orqanları və bələdiyyələr tərəfindən cinayətkarcasına satıldı. Çətinliklə əmələ gətirilmiş neçə illik ağaclar insafsızcasına kəsildi və yandırıldı. İndi başa düşmüşük ki, bu əvəzsiz nemət  nə qədər qiymətli imiş və onun satışından xeyli vəsait əldə edə bilərdik.

Badam ləpəsinin dadına və faydasına görə, çox sevilən qiymətli bitkidir. Sənayenin müxtəlif sahələrində, xüsusilə yeyinti sənayesində onun ayrı-ayrı hissələrindən istifadə olunması qiymətini daha da artırır. Badam ağacının onlarla növü var. Bu ağac yabanı halda da bitir. Naxçıvanın "Badamlı" suyu çıxan ərazisində indi də badam ağaclarına rast gəlmək mümkündür. Badamın həm qumsal, həm gilli, həm də daşlıq yerdə bitməsi onun qiymətini  birə-on artırır. Onu ölkəmizin bir neçə regionunda yetişdirmək və sahəsini xeyli artırmaq mümkündür. Bundan yararlanmaq xüsusilə vacibdir.

 Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəisi Murtuzəli Hacıyev qeyd etdi ki, artıq bu sahədə müəyyən işlər görülüb. Coğrafi şəraitin münasib olduğu bütün yerlərdə badam ağaclarının əkilməsi ölkəyə xeyli gəlir gətirə bilər.

Bu meyvənin əsas hissəsi xaricdən alınıb gətirilir. Buna da müəyyən valyuta xərclənir. Coğrafi şəraitimiz badamın yetişdirilməsinə imkan verirsə, niyə də bundan yararlanmayaq. Ölkə başçısı da öz çıxışında bu sahənin inkişafını xüsusilə qeyd etmişdir. Son illər 491 hektar sahədə qiymətli bitkinin plantasiyaları yaradılmışdır.

Abşeron badamın yetişdirilməsi üçün ən əlverişli ərazi hesab olunur. Naxçıvanda da mövcud sahələr daha da genişlənəcək. Şabran, Sabirabad rayonlarında iqlimə uyğun şəkildə ağacəkmə prosesi davam edəcək. Ancaq bunun həm iqlimə, ekologiyaya, həm də iqtisadiyyata müsbət təsiri olmalıdır. Ona görə də müvafiq tədbirlər görülmüş, tinglər yetişdirilmişdir.

Əhəd İBADOV