Torpağının altı da, üstü də zəngin  olan ərazilərimizə iqtisadi tərəfdən də  diqqət yetirmək vaxtı gəlib çatmışdır


Baxıldı : 92

Tarix : 2020-11-14 07:43:40


 

Azərbaycan xalqı tarixinin ən yaddaqalan və şanlı dönəmlərindən birini yaşayır. Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində işğal olunmuş torpaqlarımız öz əzəli sahiblərinə qaytarıldı. Sevindirici haldır ki, biz artıq arzularla deyil, qələbə hissini yaşayırıq. 
Qarabağ təkcə tarixi-mədəni əhəmiyyəti ilə deyil, eyni zamanda yeraltı və yerüstü sərvəti, əsrarəngiz təbiəti, təbii landşaftı və turizm potensialı ilə zəngin olan bir yerdir. Ona görə də artıq torpağının altı da, üstü də zəngin olan ərazilərimizə iqtisadi tərəfdən də diqqət yetirmək vaxtı gəlib çatmışdır.
İşğaldan azad olunan ərazilərin iqtisadi potensialı nədən ibarətdir? Həmin ərazilərdə daha çox hansı sahələr üçün inkişaf potensialı var? Yerli və xarici investorların cəlbi üçün hansı addımlar atıla bilər? 
“İşğaldan azad edilmiş ərazilərimizdə kənd təsərrüfatı, turizm və istehsal üçün  kifayət qədər səmərəli torpaqlar var. Ən önəmli məsələ bu torpaqların Azərbaycan iqtisadiyyatına qazandırılmasıdır”. Bunu iqtisadçı-ekspert Rəşad Həsənov qəzetimizə açıqlamasında bildirdi. Dedi ki, azad edilmiş torpaqların zənginliyi iqtisadiyyatın müxtəlif seqmentlərinin o ərazilərdə inkişafı üçün imkanlar yaradacaq: “İlk növbədə qeyd edək ki, həmin ərazilər qiymətli metallarla-qızıl, civə, mis, qurğuşun, o cümlədən tikinti materialları ilə çox zəngindir. Və bu da əslində qeyd edilən istiqamətlərdə böyük sənaye imkanlarının və müəssisələrinin yaradılması deməkdir. İkinci istiqamət isə həmin ərazilərdə kənd təsərrüfatının inkişafı prosesidir. Həm ərazi payı, həm torpağın keyfiyyəti baxımından, həmçinin təbii şəraitin heyvandarlıq üçün çox uyğun olması kənd təsərrüfatı üçün böyük potensial deməkdir. Bir vaxtlar Azərbaycanın istehsal etdiyi üzümün, pambığın, kartofun əhəmiyyətli hissəsi məhz bu bölgənin payına düşürdü. Və bu gün həmin imkanları geri qaytarmağın zamanıdır. Düzdür, qeyri-səmərəli idarəetmə, ekoloji tarazlığın pozulması kimi amillər səbəbindən hazırda orda problemlər çoxdur. Məsələn, həmin ərazilərdə  1 milyon hektar istifadəyə yararlı torpaq var idi. Bunun 250 min hektarı məhz faktiki suvarılan torpaqlar idi, amma o suvarılan torpaqların 120 min hektarından artıq hissəsi vaxtında suvarılmadığına görə indi istifadəyə yararsız hala düşübdür. Bunun üçün orada çox ciddi meliorasiya işləri aparılmalı və yenidən bizim aqrar sektora qaytarılmalıdır. Çünki kənd təsərrüfatı bu ərazilər üçün ikinci ən böyük iqtisadi potensialın formalaşması deməkdir.
Digər vacib istiqamətlərdən biri də turizmdir. İşğaldan əvvəl həmin bölgələr Azərbaycanın ən çox daxili və xarici turizm baxımından zəngin bölgələri idi. Amma bu işğal faktoru orada çox böyük geriləmələr formalaşdırdı. Ona görə də müəyyən qədər daha peşəkar şəkildə işləyib biz orada çox böyük turizm potensialı, turizm cəlbediciliyi yarada bilərik. Və bunun özü də həm Azərbaycanın tarixini dünyaya çatdırması, yəni Azərbaycan həqiqətlərinin ictimailəşdirilməsi və özünün beynəlxalq dəstəyinin artırılması, həmçinin də ölkəyə əlavə valyuta axınının təmin edilməsi və məşğulluğun yaradılması baxımından çox vacibdir. İlkin qiymətləndirmələr hələlik onu göstərir ki, bu bölgənin iqtisadiyyatının bərpası nəticəsində ümumi 700-750 mindən çox iş yeri olmaqla, təkcə aqrar sektorda 400-450 min, turizm sektorunda isə 30 mindən artıq yeni iş yeri yarana bilər. Bundan başqa, 8 milyarddan artıq cari qiymətlərlə hesablanmış ortaq iqtisadiyyata əlavə dəyər qatqısı ola bilər. Bu baxımdan da həmin ərazilər ölkə iqtisadiyyatının növbəti mərhələləri üçün çox böyük potensial və imkanlar yaradacaq. Düşünürəm ki, Azərbaycan bunu tamamilə fərqli prinsiplər əsasında, yeni çağırışlara uyğun, innovasiya tutumlu sahələrin inkişafını təmin etməklə həyata keçirəcəkdir. Bu, həqiqətən də ölkəmizin gələcəkdə iqtisadi dayanıqlığı və maliyyə təminatının gücləndirilməsi üçün çox vacib parametrlərdən biri olacaqdır”.
İşğaldan azad edilmiş ərazilərin maddi və mənəvi zənginliyi baxımından investorların cəlbi məsələsindən danışan ekspert bu işlərin gələcək illər üçün keçərli olacağını vurğuladı: “Düşünürəm ki, bu haqda danışmaq, hələ ki, tezdir. Hazırkı şəraitlə investisiyanın cəlbi mümkün deyil. Çünki bölgəyə xarici investisiyanın gəlməsi üçün ilk növbədə həmin bölgədə dayanıqlı sülh təmin olunmalı, kommunikasiyalar artırılmalı, iqtisadi əlaqələr bərpa edilməli, ərazilər tamamilə hərbsizləşdirilməlidir”. 

Aliyə SƏMƏDOVA