Torpaq sahəsinin mənim adıma keçirilməsi üçün atamın ərizəsi və həmkar


Baxıldı : 177

Tarix : 2019-06-18 06:16:13


Torpaq sahəsinin mənim adıma keçirilməsi üçün atamın ərizəsi və həmkarlar ittifaqı komitəsinin Protokolu əsas və hüquqi sənəd sayılırmı? Və bu ərizəyə və Protokola əsasən, torpaq sahəsi üçün birinci dəfə “Çıxarış”ı (kupça) mən atamın adına almalı idim, yoxsa birbaşa öz adıma?

Vəfat etmiş şəxsin adından sənədləşmə aparılması və pul ödənişinin keçirilməsi hansı qanunvericiliyə əsasən icra olunur?

Elçin XƏLİLOV,

Mingəçevir şəhəri.

 

- “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 22-ci maddəsində daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik haqqında danışılır. Burada deyilir ki, “Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır.

Müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən Çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

Atanızın adına mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığı və ümumi icra prosesi qaydası olduğu üçün daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə Çıxarış mərhumun adına verilmişdir.

Ərizə və protokol hüquqi sənəd olsa da, daşınmaz əmlak üzərində Sizə mülkiyyət hüququ vermir. Belə bir hüquq ancaq “Çıxarış” vasitəsilə verilir. Atanızın varisi Siz hesab olunursunuz. Odur ki, həmin torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmək, yəni adınıza qeydiyyata aldırmaq üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə (Mingəçevir rayon) ərizə ilə müraciət etməlisiniz. Ərizəyə tələb olunan sənədlər əlavə edilməlidir. Əgər hər hansı bir səbəbdən adıçəkilən qurum Çıxarışı adınıza rəsmiləşdirməkdən imtina edərsə, bunu yazılı formada bildirməlidi. Bundan sonra müvafiq məhkəməyə müraciət edə bilərsiniz.