Tovuzluları top-tüfənglə qorxutmaq olmaz! erməni xülyaları boşa çıxdı


Baxıldı : 598

Tarix : 2020-07-19 22:57:28


 

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərib. Düşmən öz təcavüzkar siyasətindən əl çəkməyərək dinc əhalini, kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutub. Bu barədə bizə hazırda cəbhə bölgəsində olan millət vəkili Arzu Nağıyev məlumat verdi.

Dedi: “İyulun 12-si, günorta saatlarından başlayaraq, Tovuzun Ağdam və Dondar Quşcu kəndləri top mərmiləri, ağırçaplı pulemyotlardan intensiv olaraq atəşə  məruz qalır. Ermənilərin bu təxribatı törətməkdə məqsədlərindən biri Tovuzun Ağdam kəndi istiqamətində ordumuzun yerləşdiyi yüksəkliklərdə mövqe tutmaqdır. Ora yaxın ərazilərdən keçən kommunikasiya xətlərini, dəmiryolunu, avtomobil yolunu nəzarətdə saxlamaqdır.
Digər səbəb həm Ermənistanın, həm də onun havadarlarının Azərbaycanın müstəqil xarici siyasət yeritməsindən irəli gələn narahatlıqlarıdır. Çünki Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq qurumlar səviyyəsində böyük tədbirlərə ev sahibliyi edir, dünyada gedən proseslərə öz töhfəsini verir. 
Bir məsələni də unutmaq olmaz ki, Paşinyanın hakimiyyəti tənəzzülə uğramaqdadır. Daxildə olan iqtisadi-siyasi gərginliyi ört-basdır etmək üçün məhz bu yola əl ataraq, nə olur-olsun, “Qarabağ kartı”ndan istifadə etməli idi. Təcavüzkar təxribatlarla, iğtişaşlar yaratmaqla öz xalqının fikrini yayındırmağa çalışır”.  
Arzu müəllim bildirdi: “Tovuz Azərbaycanın şücaətli vətəndaşlarının yaşadığı strateji əhəmiyyətli bölgələrdən biridir. Hər kəs şahidi oldu ki, hətta düşmən silahları da xalqımızın mübarizə əzmini qıra bilmir. Əhali maşınlarla və piyada ön xəttə doğru irəliləyir. Minlərlə gəncimiz hətta yalın əllə erməni postunu darmadağın etməyə hazırdır. Vətənpərvər  gənclərimiz könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər edib, ərizələr yazıblar.  Lakin hələlik buna ehtiyac yoxdur. Ordumuz  düşmənin istənilən həmləsinin qarşısını alacaq güc və qüvvəyə malikdir”. 
Millət vəkili onu da qeyd etdi k i, “Mənfur düşmən dinc əhalini, yaşayış evlərini bombalamaqla öz vandallığını bir daha əyani şəkildə sübut etdi. Lakin mənim cəsarətli Tovuz camaatım 1990-cı illərdən başlayaraq çox böyük qəhrəmanlıqlar göstərib, hər hansı bir təxribat onları qorxutmayıb və bu gün də qorxutmur. Onlar yüksək əhvali-ruhiyyədədir, əhali arasında heç bir panika yoxdur. Heç kəs evini tərk etməyib, ordumuza, igid əsgərlərimizə güvənərək gündəlik yaşayış tərzinə davam edirlər. Erməni bu ərazilərin bir qarışına da ayaq basa bilməyib və bunu bacarmaq gücündə də deyil”.
Deputat söhbətimizin sonunda xalqımıza müraciətlə dedi: yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumatlara inanın. Çünki düşmən informasiya müharibəsini də, özlərinə yaraşan kimi, çirkin şəkildə aparır. Məlumdur ki, belə intensiv atışma zamanı hər iki tərəf ciddi itkilər verə bilər. Təbii ki, Ermənistan tərəfi bizdən dəfələrlə çox itki verib. Lakin bunu gizlədirlər. Paşinyan hakimiyyətinə qarşı etirazların baş qaldırılmaması məqsədilə  itkilərin sayını gizlədir, öz xalqını də aldadır. Amma nə vaxta qədər!
İşğalçılar xalqımızın psixologiyasını sarsıtmaq üçün hər cür yola əl atırlar. Sosial şəbəkələrdə köhnə şəkil və videolardan istifadə edərək həqiqəti əks etdirməyən məlumatlar yayırlar. “Biz bu həssas günlərdə yumruq kimi bir və möhkəm olmalıyıq. Daxilimizdəki “demokrat” cildindəki satqınlar layiqli şəkildə cəzalandırılacaqlar. Bizim ordumuz da, xalqımız da bütün təxribatların qarşısını almaq gücünə malikdir”,-deyə A.Nağıyev bildirdi.

Gülöyşə MƏMMƏDLİ,
“Ülfət”in müxbiri. 
Tovuz rayonu, Ağdam kəndi.