Ətraf mühitin çirklənməsi böyük problem yaradır


Baxıldı : 217

Tarix : 2016-03-17 11:30:00


İllər keçdikcə, tibb sahəsi nə qədər inkişaf etsə də, insanlar hələ də bəzi xəstəliklərin əlində aciz qalıb. Bu xəstəliklərin bir çoxunu isə qəbul etdiyimiz qidalarla, udduğumuz hava ilə qazanırıq. Çünki yeni texnologiyalar bir tərəfdən insanların işini asanlaşdırırsa, digər tərəfdən ətraf mühitə ziyan vurur. Ümumdünya Səhiyyə Təşkilatı da xəbərdarlıq edir ki, iri şəhərlərdə havanın çirklənməsi üzündən insan sağlamlığı üçün mövcud olan risklər böhran həddinə çatıb. Dünyanın 2 min iri şəhərində ekoloji vəziyyət yolverilən hədlərdən daha artıq pisləşib. Bunun nəticəsidir ki, insanlar arasında erkən ölüm halları artıb. Hazırda da dünya üzrə hər 8 ölümdən biri havanın çirklənməsi ilə bağlıdır. Bu cür xəstəliklər arasında aparıcı yerdə insult və ürək xəstəlikləri gəlir. Məsələyə münasibət bildirən ekoloq Telman Zeynalov da deyir ki, Azərbaycan paytaxtında da vəziyyət ürəkaçan deyil: \ Sirr deyil ki, son 30 ildə Bakıda əhalinin sayı 3 dəfə artıb. Vaxtılə 1,5 milyon insanın yaşadığı şəhərdə hazırda 4,5 milyon insan yaşayır. Paytaxtda avtomobillərin sayı da dəfələrlə artıb. Bu da istər-istəməz paytaxtda atmosferin çirklənməsinə gətirib çıxarıb. Demək, şəhərdə havanın təmizliyinin də qayğısına qalmaq lazımdır. Bunun üçünsə kefiyyətli yanacaqdan istifadə edilməli, ətraf mühitin çirklənməsinin qarşısı alınmalıdır\ . Ekoloqun qənaətinə görə, mövcud vəziyyət şəhər sakinlərini daha fəal həyat tərzi keçirməyə məcbur edir: \ İnsanlar daha çox açıq havada vaxt keçirməlidir. Həmçinin ölkəmizin proporsional inkişafı barədə də düşünməyə ehtiyac var. Hökumət ölkə əhalisinin paytaxtdan regionlara getməsi üçün addımlar atmalıdır. Bunun üçün Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Naxçıvan, Lənkəran, Quba və Şəki kimi tarixi mərkəzlər də inkişaf etdirilməlidir. Bu şəhərlərdə sənayenin inkişafı paytaxtın üzərinə düşən yükü xeyli azalda bilər. Həmçinin digər regionlar da inkişaf etdirilməlidir ki, paytaxtın yükü azalsın\ . Xalid AZƏR