Tranzit yükdaşımalarından nə qazanılacaq?


Baxıldı : 241

Tarix : 2015-10-23 01:07:00


Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə etməklə beynəlxalq yüklərin respublikamızın ərazisindən daşınmasına maksimum əlverişli şəraitin yaradılması ölkə iqtisadiyyatının şaxələndirilməsinin mühüm istiqamətlərindən biridir. Bu gün Azərbaycan regionun iqtisadi cəhətdən ən qüdrətli dövlətidir və eyni zamanda özünün siyasi müstəvidəki çəkisini də bu faktora uyğunlaşıdıra bilib. Real mənzərə budur ki, regionda hər hansı transmilli layihənin reallaşdırılması Azərbaycanın iştirakı olmadan mümkün deyil. Tarix boyu şimalla cənubu, şərqlə qərbi birləşdirən ən səmərəli ticarət yollarının keçdiyi bu məkanın imkanlarını genişləndirmək üçün hazırda çox münbit bir şərait yaranıb və görünən odur ki, dövlət bu imkanlardan maksimim yararlanmaq əzmindədir. Müşahidələr göstərir ki, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin müasir tələblərə cavab verə biləcək səviyyədə qurulması, nəqliyyat vasitələrinin yenilənməsi və infrastrukturun ən yüksək standartlara uyğunlaşdırılması kimi işlər dövlətin iqtisadi siyasətinin mühüm bir istiqamətinə çevrilib. Buna misal olaraq son illər ərzində yeni bərələrin, tankerlərin, yük gəmiləri və təyyarələrin alınmasını, eləcə də bir neçə beynəlxalq aeroportun tikildiyini, dəmir və avtomobil yollarının inkişafı ilə bağlı ciddi addımlar atıldığını, Xəzər hövzəsində ən böyük ticarət limanı - Beynəlxalq Dəniz Ticarəti Limanının inşa olunduğunu göstərmək olar. Ölkədə beynəlxalq yükdaşımalar üçün nəqliyyat infrastrukturunun ən yüksək standartlara cavab verə biləcək səviyyədə qurulması bu sahədəki işlərin həmin səviyyəyə uyğun koordinasiya edilməsini də zəruri edir. Ölkə başçısının yaranmış vəziyyətin aradan qaldırılması ilə bağlı zəruri addımları özünü çox gözlətmədi. Prezidentin \ Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında\ imzaladığı fərman sözügedən sahədə mühüm dəyişikliklərə - yükdaşımaların keyfiyyətinin yüksəldilməsinə, yüklərin çatdırılma müddətinin və nəqliyyat xərclərinin optimallaşdırılmasına və nəticə etibarilə tranzit yükdaşımalarından ölkəmizin əldə etdiyi gəlirlərin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olacaq. Ölkə ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyəti və səmərəliliyi artdıqca, həmin dəhlizlərə böyük həcmlərdə tranzit yük axınları müşahidə olunacaq. Şübhəsiz ki, bütün bu işlər də əsas hədəf olaraq Azərbaycanın dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi mövqelərini daha da möhkəmləndirəcək. Bu, Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında \ bir pəncərə\ prinsipinin tətbiq olunması bu sahədəki pərakəndəliyi və bu pərakəndəliyin nəticəsində yaranan bütün neqativ halları aradan qaldıracaq. ALİYƏ