Tripartizm ruhunun möhkəmləndirilməsi əmək sferasının qarşısında duran çətinliklərin aradan qaldırılması yoludur


Baxıldı : 51

Tarix : 2018-06-09 02:08:24


İsveçrənin Cenevrə  şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələrinin və sosial tərəfdaşların iştirakı ilə keçirilmiş Beynəlxalq Əmək Konfransının 107-ci sessiyası iyunun 8-də başa çatdı. 12 gün davam edən tədbirdə BƏT-in Baş direktorunun və İdarə Heyəti sədrinin məruzələri, konvensiya və tövsiyələrin tətbiqi ilə bağlı məlumat və hesabatlar dinlənildi. Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində BƏT-lə səmərəli əməkdaşlığın həyata keçirilməsinə, BƏT-in 2008-ci ildə qəbul edilmiş “Dürüst qloballaşma naminə sosial ədalət” adlı Bəyannaməsinə əsasən, sosial dialoqun və tripartizmin strateji hədəflərinə dair təkrar müzakirələr aparıldı və digər məsələlərə baxıldı.

Konfransa sessiyanın ilk günündən seçilən İordaniyanın əmək naziri Samir Murad sədrlik edib.

Beynəlxalq sessiyanın açılışında çıxış edən BƏT-in Baş direktoru Qay Rayder dünyada gərginliyin artması ilə bağlı narahatlıqlarını diqqətə çatdırdı. İş yerlərində qadınlar və kişilər arasında bərabərliyin təminatı sahəsində problemlərin həlli yollarının araşdırılmasının konfransın başlıca mövzularından biri olacağını söylədi.  Baş direktor məruzəsində işğal olunmuş ərəb ərazilərində işçilərin vəziyyətinə və  layiqli əməyin təmin olunması məsələlərinə də geniş yer ayırdı.

 

 

O, nümayəndələri “tripartizm, qarşılıqlı anlaşma və harmoniya ruhu” nümayiş etdirməyə çağırdı. Bunun Beynəlxalq Əmək Konfransının və BƏT-in uğurunun zəruri şərti olduğunu dedi:

“Beynəlxalq əməkdaşlıq çoxtərəfli yanaşmanın əsasında getdikcə daha ciddi problemlərlə üzləşir, dünya yenidən qəddarlaşır. Təşkilatımızın və konfransımızın fəaliyyəti, aradığımız nəticələr bu təhdidə qarşı çıxmaq üçün bir əsas olmalıdır.

Bu şəraitdə, xüsusilə qarşıdakı konfransda, sosial dialoqla bağlı aktual məsələlərin müzakirəsi önəm daşıyır. Bu isə əmək sferasında bugünkü dəyişikliklərlə bağlı problemlərin həllində onun effektivliyini artırmağa imkan verəcək”.

Konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyev çıxış etdi. Tədbir iştirakçılarını Azərbaycan həmkarlar ittifaqları və öz adından salamladı və konfransın işinə uğurlar arzuladı.

BƏT-in Baş direktoru cənab Qay Rayderə ölkəmizə səfərə gəldiyinə görə təşəkkürünü bildirdi. “Bu, həmkarlar ittifaqları, həm də tərəfdaşlarımız üçün tarixi və çox önəmli bir görüş imkanı idi. Apardığımız hərtərəfli fikir mübadiləsi inanıram ki, gələcək fəaliyyətinizə öz töhfəsini verəcəkdir”, -dedi.

AHİK sədri sonra dedi, hesab edirəm ki, 107-ci sessiyanın gündəliyində müzakirəsi nəzərdə tutulan məsələlər olduqca aktualdır və qarşımızda duran problemlərin həlli biz sosial tərəfdaşlardan daha çox diqqət və işgüzarlıq tələb edir.

Hamımıza bəllidir ki, qloballaşma müasir dünyanın inkişafında dönməz tendensiyadır. Onun nəticələri  bu və ya başqa dərəcədə milyonlarla insanın həyatına təsir göstərir.

Qloballaşmanın əsasında kapitalın, malların, xidmətlərin, texnologiyaların, informasiya və işçi qüvvəsinin dünyada daha çox sərbəst yerdəyişməsi dayanır. Beləliklə də, inkişaf etmiş və inkişaf edən ölkələrin iqtisadiyyatı milli qapalılığını itirir, qlobal sistemin bir hissəsinə çevrilir.

Təəssüflər olsun ki, qloballaşma insanların planetdəki nəzarətsiz yerləşməsi, nəzarət edilməyən artımı, ətraf mühitin korlanması, sosial bərabərsizlik, aclıq, sosial ədalətsizliyin artımı, təbii və enerji ehtiyatlarının çatışmazlığı kimi problemlər də doğurur.

O, sözünə davam edərək dedi, hər bir dövlətdə insanların rifahı bir çox cəhətdən sosial sahədəki vəziyyətdən asılıdır. Məhz bu, sosial inkişaf yolunda cəmiyyətin irəliləməsinin göstəricisi (indikatoru) rolunu oynayır.

Sosial sahədə uğurlara imza atmaq üçün milli və beynəlxalq səviyyədə müvafiq sosial siyasətin həyata keçirilməsi tələb olunur.

Biz, həmkarlar ittifaqları olaraq, qətiyyətlə ədalətli qloballaşmaya tərəfdarıq. Çalışırıq ki, hamının, o cümlədən qadınların və gənclərin tam, məhsuldar məşğulluğu, layiqli, ədalətli əməklə təmin olunmaları məsələləri bizim daxili, milli inkişaf strategiyamıza uyğun həllini tapsın.

Azərbaycan  həmkarlar ittifaqları həm milli, həm də beynəlxalq səviyyədə, səlahiyyətləri daxilində, öz imkanlarını Beynəlxalq Əmək Təşkilatının “Ədalətli qloballaşma naminə sosial ədalət” haqqında  Bəyannaməsində qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi üçün səfərbərliyə almışdır.

Bu istiqamətdə fəaliyyətimizə Sosial və İqtisadi Məsələlər üzrə Milli Üçtərəfli Komissiyanın yaradılması da ciddi təsir göstərmişdir.

Qeyd etməliyəm ki, Azərbaycan Respublikasında sosial-iqtisadi inkişaf yönümündə əhəmiyyətli dəyişikliklər baş verir. Aparılan genişmiqyaslı islahatlar, layiqli əmək şəraitinin təmin olunmasına yönələn addımlar əhalinin rifahının yaxşılaşdırılmasını şərtləndirir.

Azərbaycan Respublikasında Layiqli Əmək üzrə Ölkə Proqramının uğurla həyata keçirilməsi nəticəsində BƏT-in iki Konvensiyası ratifikasiya olunmuş, “Gənclərin Məşğulluğu üzrə Milli Tədbirlər Planı” hazırlanmışdır. Son onillikdə Azərbaycan sürətli inkişafa nail olmuş, yuxarı orta gəlirli ölkəyə çevrilmişdir.

Ölkədə işçilərin sosial müdafiəsinin gücləndirilməsi, işəgötürən və işçi münasibətlərinin rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ötən ilin mart ayında müxtəlif dövlət qurumlarının, AHİK və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin də daxil olduğu Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılmışdır. Komissiya uğurla fəaliyyət göstərir.

S.Möhbalıyev çıxışının sonunda dedi, biz çoxmilli kapitalın nəhəng işəgötürənə çevrildiyi bir dünyada yaşayırıq. Kapitalın isə əmək bazarı və sosial ədalət problemlərinə spesifik münasibəti vardır. Milli işəgötürənlərdən fərqli olaraq kapitalın heç bir öhdəliyi yoxdur. Həmkarlar ittifaqları qlobal səviyyədə transmilli şirkətlərdə sosial dialoqa oxşar münasibətlər qurmağa çalışır. BƏT qlobal əmək bazarında siyasətini formalaşdırarkən bu çağırışdan yan keçə bilməz. Bir neçə ildir ki, biz bu barədə danışırıq  və ümid edirik ki, bu dəfə problem “diqqət çəkəcək” və “yüzilliyin dialoqları”ndan birində müzakirə olunacaqdır.

Yekun olaraq bildirmək istəyirəm ki, biz tripartizm, sosial dialoq və sosial ədalət prinsiplərinə sadiqik. AHİK və onun üzv təşkilatları BƏT-in modernləşdirilmə kursunu dəstəkləyir. BƏT-in 100 illiyi münasibətilə həyata keçirilməsi nəzərdə tutulan bütün tədbirlərdə onun yanında olacağımızı bəyan edirik.

Sessiyada digər üzv dövlətlərin bir neçəsinin nümayəndələrinin də çıxışları dinlənildi.

Beynəlxalq Əmək Konfransı  altı konvensiyanın ləğvi və üç tövsiyənin geri çağırılması barədə qərar qəbul etdi.

Ləğv olunan konvensiyalar bunlardır:

- mühacirlərin təftiş olunması haqqında (21 saylı, 1926-cı il);

- yerli əhalidən olan işçilərin cəlb edilməsi haqqında  (50 saylı, 1936-cı il);

- yerli əhalidən ibarət işçilərin əmək müqaviləri haqqında (64 saylı, 1939-cu il);

- yerli əhalidən ibarət işçilər üçün cinayət sanksiyaları haqqında (65 saylı, 1939-cu il);

- yerli əhalidən ibarət işçilərin əmək müqaviləri haqqında (86 saylı, 1947-ci il);

- yerli əhaliyə cinayət cəzasının ləğvi haqqında (104 saylı, 1955-ci il).

Geri çağırılan tövsiyələr siyahısına daxildir:

- iş vaxtı və balıqçılıq sənayesi haqqında (7 saylı, 1920-ci il);

- miqrant işçilər haqqında (61 saylı, 1939-cu il);

- miqrant işçilər üçün iş şəraiti sahəsində dövlətlərarası əməkdaşlıq haqqında (62 saylı, 1939-cu il).

Qeyd: 2015-ci ildə qüvvəyə minən BƏT Konstitusiyasına edilən düzəlişə əsasən, yalnız Beynəlxalq Əmək Konfransı mövcud BƏT Konvensiyasını ləğv edə bilər. Konvensiyanın öz məqsədini itirdikdə  və ya təşkilatın məqsədlərinə xidmət etmədikdə, bu, BƏT-in İdarəetmə Şurasının tövsiyəsi ilə həyata keçirilir. Ləğv etmək haqqında qərarın icrası üçün BƏT nümayəndələrinin üçdə iki hissəsinin səs çoxluğu tələb olunur.

Konfrans çərçivəsində iyunun 7-8-də “Əmək dünyası” sammiti keçirildi. Sammitdə münaqişələr, təbii fəlakətlər və böhrana məruz qalan ölkələrdə sülhün və sabitliyin təmin olunmasında layiqli əmək və məşğulluğun rolu yüksək səviyyədə müzakirə olundu.

Qeyd edək ki, konfrans müddətində S. Möhbalıyev bir sıra görüşlər keçirdi. Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Qay Rayderlə görüşü zamanı BƏT-in Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq qeyd olundu. Qay Rayder ötən ay Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişaf və layiqli əməyin təbliği” mövzusunda keçirilən konfransın yüksək səviyyədə təşkilini bir daha qeyd etdi.

Daha sonra BHİK-in Baş katibi Şaron Barrou, Belarus Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Sergeyeviç Orda, Türkiyə “Hak-İş” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Mahmut Arslan, Uqanda Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Uşer Vilson, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov, Fransa Həmkarlar İttifaqları Konfederasiyasının beynəlxalq əlaqələr üzrə katibi Pier Koutaz ilə görüşən AHİK sədri əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirələr apardı.

Məlumat üçün deyək ki, hər il Cenevrədə keçirilən Beynəlxalq Əmək Konfransı Beynəlxalq Əmək Təşkilatının ümumi siyasət istiqamətlərini müəyyənləşdirir. Sessiyaya “Ümumdünya Əmək Parlamentinə” BƏT-ə üzv olan 187 dövlətin hökumət təmsilçilərindən, işçilərdən (həmkarlar təşkilatlarından) və işəgötürənlərdən ibarət 5000-dən çox nümayəndə toplanır.