Tünd şokolad daha faydalıdır


Baxıldı : 93

Tarix : 2017-06-21 21:38:58


ABŞ alimlərinin fikrincə, tünd şokolad və kakao tozu tərkibindəki antioksidantların miqdarına görə meyvə şirələrini üstələyir. Tədqiqatçılar nar, quşüzümü, çiyələk, Cənubi Amerikada bitən asai palması giləmeyvəsinin şirələrinin, kakao ağacının toxumundan alınmış kakao tozunun və tünd şokoladın tərkibində orqanizmin hüceyrələrinin məhvedici oksidləşmə prosesinin qarşısını alan antioksidantların miqdarını öyrənib və belə qənaətə gəliblər ki, antioksidantların ən yüksək konsentrasiyası kakao tozunun tərkibindədir. Tünd şokoladda həmin maddələrin miqdarı meyvə şirələri ilə müqayisədə yüksəkdir.

Əvvəlki tədqiqatlar göstərib ki, gündə təxminən 6,7 qram tünd şokolad yemək ürək xəstəlikləri riskini 3 dəfə azaldır. Buna baxmayaraq, tərkibində şəkərin miqdarı çox olduğu üçün diyetoloqlar şokoladı tərəvəz, təmizlənməmiş düyü və meyvədən ibarət tarazlı pəhrizə daxil etməyi məsləhət görürlər.

 

Azər MUSTAFAYEV