Türk dünyasının incəsənət xadimləri bir arada


Baxıldı : 101

Tarix : 2017-07-14 23:31:05


İyulun 7-dən 13-dək Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V.Səmədova adına sərgi salonunda "Turan" adlı rəsm sərgisi təşkil olunub. Sərgidə Azərbaycan, Türkiyə və Qazaxıstandan olan 9 rəssamın əsərləri nümayiş etdirilib. 50-dək sənət əsərinin təqdim edildiyi ekspozisiyada türk xalqlarının etnoqrafiyası və folkloruna həsr edilmiş əsərlər sərgilənib. Rəssamlardan 4 nəfəri Türkiyə, 3-ü Azərbaycan, ikisi isə Qazaxıstan təmsilçisidir. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının və Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin birgə təşkilatçılığı ilə reallaşıb. Sərgidə nümayiş edilən əsərlər rəngkarlıq, qrafika, keramika miniatür janrlarında işlənib. Sərginin kuratoru Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin Azərbaycan üzrə təmsilçi rəssam İlqar Əkbərov qəzetimizə verdiyi müsahibədə bildirdi ki, layihənin adı təsadüfən "Turan" deyil: "Sərgi türkdilli xalqların ortaq mədəniyyətini əhatə edir və əsas məqsədi türk dünyasının incəsənət xadimlərini bir araya toplamaq və onlar arasında dostluğa və həmrəyliyə şərait yaratmaqdır. Hər rəssam sərgiyə 5 əsərlə qatılıb. Onu da qeyd edim ki, rəsm əsərlərindən bəziləri bəyənilərək alınıb".

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral sərginin açılışında iştirak edib, rəsm əsərlərindən aldığı təəssüratları tamaşaçılarla bölüşüb, tədbirin təşkilində əməyi keçmiş hər kəsə təşəkkürünü bildirib və fırça ustalarına uğurlar arzulayıb.

İştirakçı rəssamlar Azərbaycan Rəssamlar İttifaqı və Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyi tərəfindən diplomlarla təltif ediliblər.

Aliyə