Tullantı qutularının insanlara və iqtisadiyyata faydası


Baxıldı : 155

Tarix : 2018-04-21 03:04:18


Şəhərin təmizliyinə riayət etmək və insanlara əlavə gəlir qazandırmaq üçün  qərb ölkələrində geniş şəkildə yayılmış üsul artıq Bakıda da tətbiq olunacaq.

Bu avadanlıqların insanlara və ölkə iqtisadiyyatına faydasını öyrənmək üçün  “Ecobox Collection and Recycling” MMC-nin baş direktoru Hacıağa Quliyevə müraciət etdik. O qeyd etdi ki, artıq zibil hesab etdiyimiz plastik və alüminium qutuları da gəlirə çevirmək mümkün olacaq. Bunun üçün, sadəcə, istifadə edilmiş bu qabları tullantı qutularına deyil, “Fandomat”lara daxil edib, maliyyə bonuslarından yararlanmaq lazımdır. Hazırda İsveçrədə 92 faiz, Almaniyada 82-83 faiz, Fransada 73 faiz bütün istehsal və idxal olunmuş boş qutular yenidən emal olunur. Bizdə isə bu faiz çox aşağıdır.  Qafqazda ilk dəfə olaraq Bakıda quraşdırılacaq bu “Fandomatlar” iki formada alınıb. Hansı aparatın yerli sakinlərin daha çox ürəyincə olduğunu təyin etdikdən sonra yalnız o şirkətin aparatından istifadə olunacaq. Aparatlar  insanların sıx olduğu yerlərdə, dənizkənarı ərazilərdə  quraşdırılacaq. İlkin mərhələdə aparata atılan plastik və ya dəmir qabın qarşılığında verilən pulu 3 məqsədlə istifadə etmək nəzərdə tutulubsa, gələcəkdə seçimlər daha da artacaq. Tullantı qablara görə ödəniləcək məbləğ təxmini 2 qəpik civarında olacaq. Son günlər sosial mediyada insanlar bunun az olduğunu bildirirlər. Bizim fikrimizcə, qutuların sayı çox olduqca bu məbləğ də dəyişəcək. Bununla belə hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparmaq üzrəyik. Belə ki, əgər layihəyə dövlət dəstəyi olarsa, bu məbləğ yüksəldiləcək.

Bu üsuldan Avropada necə istifadə edilir?

Baş direktor bildirdi ki, orada qanunauyğun olaraq hər hansı içki alınanda üzərində “pfand” adlanan əlavə pul ödənilir: “Məsələn, bir butulka su 30 qəpikdirsə, istehlakçı buna 45 qəpik ödəyir. Ödədiyi əlavə gəliri isə “Fandomat”lar vasitəsilə geri qaytarır. Biz isə sırf kommersiyaya əsaslanmamışıq”.

Bəs şirkətin qazancı nə olacaq?

H.Quliyev dedi ki, bütün dünyada bu gəlirli biznes sayılır. Bir sıra ölkələrdə bu qurğular və zavodlar onların quraşdırılması və tikintisinə sərf edilən xərcləri bir ildə çıxarır. Bizdə də toplanmış butulkalar yaxşı vəziyyətdə qorunacaq və tezliklə fəaliyyətə başlayacaq plastik və metalların təkrar emalı zavoduna veriləcək. Orada butulkalar əridilərək kürəciklər şəklinə salınacaq. Bu kürəciklərin ikinci dərəcəli xammal kimi Avropaya ixracı nəzərdə tutulur.Təkrar emal edilmiş plastikdən bağlamalar, tikinti materialları, sintetik parçalar və digər məhsullar istehsal edilir. Aparılan bazar araşdırmasına görə, ölkəmizdə hər il 800 milyondan çox plastik qab istifadə edilir ki, bu da 16 milyon manatlıq dövriyyə deməkdir.

Müsahibim onu da qeyd etdi ki, tezliklə fəaliyyətə başlayan zavodda 150-200 nəfər insan işlə təmin olunacaq.

Əsli ƏHMƏDOVA