Turizmə zərbə vuran amillər


Baxıldı : 214

Tarix : 2017-07-07 22:30:57


Restoran və kafe sahibləri ilə müştərilər arasında  bəzən mübahisələr yaşanır. Belə ki, bölgələrdə, Bakının qəsəbələrində fəaliyyət göstərən istirahət mərkəzləri, kafe və restoranlarda hələ də müştərilərə menyu təqdim edilmir. Hətta şəhərin bir çox dəbdəbəli restoranlarında belə, ofisiantlar menyunu yalnız  müştəri istəyəndən sonra gətirir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsinə əsasən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə  800 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilir. Bu o deməkdir ki, ölkədə  müştərilərinə menyu təqdim etməyən restoranları böyük cərimələr gözləyir.

Bəs müştərilərə menyunun təqdim olunmamasının arxasında hansı səbəblər dayanır? Nə üçün ictimai iaşə obyektlərinin sahibləri qiymətdə şəffaflıqdan qaçırlar?

İqtisadiyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, menyu təqdim edilməyən məkanın sahibi qanunu pozduğuna və müştərini aldatdığına görə, məsuliyyət daşıyır.

A.Əliyev qeyd etdi ki, yay mövsümündə xüsusən də açıq havada fəaliyyət göstərən istirahət mərkəzlərinin fəaliyyəti artdığı üçün istehlakçılar həmin ictimai iaşə obyektinin xidmətindən istifadə edərkən menyu tələb etməlidirlər: "Menyunun düzgün tərtib olunması da mühüm məsələdir. İstehlakçı həmin obyektdə xidmətdən istifadə edərkən necə xidmət alacağını və onun müqabilində nə qədər vəsait ödəyəcəyini bilməlidir".

Müştəriyə menyunun təqdim edilməməsini istehlakçı hüququnun pozulması kimi qiymətləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki,  bu, Azərbaycanda turizmin inkişafına təsir edən mənfi amillərdən biridir. O dedi: "Əlbəttə, menyu hazırlanmırsa, gizlədilirsə, bu, restoran sahiblərinin müəyyən məsuliyyətdən yayınması deməkdir. Hökumətin istehsalçılar və biznesmenlər üçün yaratdığı münbit və rahat şəraitdən onlar sui-istifadə edir və istehlakçıların hüquqlarını pozurlar".

Azərbaycan Turizm Assosiasiyasının sədr müavini  Müzəffər Ağakərimov isə hesab edir ki, menyu  müştəriləri cəlb etmək, onlarda həmin obyekt haqqında dürüst məlumat formalaşdırmaq, müştərinin cibinə uyğun fəaliyyət göstərib-göstərməməsi barədə və xidmətin yüksək təşkili barəsində təqdimatdır. Onu da əlavə etdi ki, bu, sırf xidmət məsələsidir və xidmət mədəniyyətinin təşkili ilə bağlıdır.

Menyuda həmin obyektdə verilən içkilərin, yeməklərin siyahısı, tərkibi, çəkisi və qiyməti göstərilməlidir. Menyuların xarici qonaqların rahatlığını təmin etmək üçün rus və ingilis dillərinə də tərcümə edilməsi arzuolunandır.

Günel QULİYEVA